“Əsgərə məktub” aksiyasında bağlamaların göndərilməsi pulsuzdur

23 İyun 2018 17:54 (UTC+04:00)

“Azərpoçt” MMC –nin “Əsgərə məktub” adlı aksiyasında bağlamalar da qəbul edilir. SİA xəbər verir ki, bu sözləri “Azərpoçt” MMC-nin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova iyunun 23-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş “Əsgərə məktub” adlı aksiyasında jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, ordumuzun yaranmasının 100 illiyi ilə bağlı layihədə “Azərpoçt” rəhbərliyi məktub və bağlamaların ünvanlara göndərilməsinin pulsuz həyata keçirilməsi barədə qərar verib.

Aksiyanın məqsədi barədə məlumat verən G.Gözəlova bildirib ki, əsas məsələ Azərbaycan vətəndaşının öz ordusuna, öz əsgərinə ehtiramını, sevgisini bildirməsinə vasitəçi olmaqdır: “Hər bir kəs öz məktubları ilə əsgərlərimizə daim dayaq olduğunu söyləyə bilər”.

G.Gözəlova onu da qeyd edib ki, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı “Azərmarka”nın hazırladığı markalar iyunun 26-dan satışa çıxarılacaq.