OPEC-ə Bibiheybət neft buruğunun əski olan tablo hədiyyə edilib

23 İyun 2018 16:01 (UTC+04:00)

Azərbaycan nümayəndə heyəti Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) Bibiheybət neft buruğunun əski olan tablo hədiyyə edib. Bu gün Vyanada keçirilən OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 4-cü iclası zamanı dünyada sənaye üsulu ilə ilk dəfə neft çıxarılan Bibiheybət neft buruğunun əski olan tablo Azərbaycan nümayəndə heyəti tərəfindən OPEC-ə hədiyyə olunub.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov təqdimat zamanı bildirib ki, Azərbaycan “Əməkdaşlıq Bəyannaməsi”nin başlanğıcından etibarən öz öhdəliklərinə sadiqdir: “Azərbaycan həm də bu təşəbbüsün fəal iştirakçılarından biridir. Azərbaycanda neft hələ qədim dövrdən çıxarılır. 1846-cı ildə dünyada sənaye üsulu ilə ilk dəfə neft məhz Azərbaycanda, Bakıda çıxarılıb. O gündən etibarən neftin yeni dövrü başlayıb və bu günə qədər uğurla davam etdirilir”.

P.Şahbazov tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin növbəti Nazirlər Şurasının iclasının Bakıda keçirilməsinə dair dəvətini çatdırıb. O qeyd edib ki, bu, hər kəs üçün nəinki Bakıdakı konfransda iştirak etmək, həm də dünyanın neft sənayesinin müqəddəs yeri olan Bakının gözəlliyini görmək üçün gözəl bir imkan olacaq.