“İrəli” gəncləri Beynəlxalq layihədə

22 İyun 2018 16:24 (UTC+04:00)

Youth for exchange and understanding (YEU) təşkilatının “Brave new youth” layihəsinin 2-ci mərhələsi başlayıb. SİA-nın verdiyi məlumata görə, layihənin əsas məqsədi gəncləri cəmiyyətdə mövcud olan stereotiplərlə bağlı, gənclərlə işləyən şəxsləri nifrət nitqi və onun arxasında duran səbəblər haqqında məlumatlandırmaq, gənclər arasında birliyi gücləndirməkdir.

Layihə 3 mərhələdən ibarətdir. Birinci mərhələdə 20-27 aprel tarixlərində Črnomelj şəhəri, Slovenia səfərləri baş tutub. Bu mərhələ hazırlıq mərhələsi sayılıb. Layihənin ikinci mərhələsi 21 iyun-1 iyul tarixlərində Portuqaliyanın Alcoutim qəsəbəsi və Armona adasında keçirilir. Birinci mərhələ olan hazırlıq mərhələsində iştirak edən gənclər 2-ci mərhələdə komanda rəhbəri olaraq iştirak edirlər.

Layihənin 1-ci mərhələsində “İrəli” gənci Tubu Əliyeva iştirak edib. O, Bakıya qayıtdıqdan sonra təlim keçib, təlimlərə cəlb olunan gənclərdən 4 nəfər gənc üzv seçilib. Seçilən gənclər layihənin 2-ci mərhələsində beynəlxalq platformada iştirak haqqı qazanıblar. 10 gün davam edəcək layihədə iştirakçılar “İrəli” İctimai Birliyi adından Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, layihənin son mərhələsi olan 3-cü mərhələnin sentyabr ayında, İspaniyada baş tutacağı planlaşdırılıb və bu mərhələdə yekun qiymətləndirmə olacaqdır. Layihə müddətində müxtəlif mövzulu videoçarxlar hazırlanır. Ümumilikdə 10-dan çox ölkənin 60-dan çox gənc iştirak edir.