ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun anım günü keçirilib

21 İyun 2018 17:50 (UTC+04:00)

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qəhrəman Mübariz İbrahimovun anım gününə həsr olunan tədbir keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, millət vəkili Elmira Axundova, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor M.Babanlı Milli Qəhrəman Mübariz İbrahimovun qısa, lakin şərəfli ömür və döyüş yolundan, göstərdiyi şücaətlərdən danışıb, onun göstərdiyi qəhrəmanlığın hər bir gəncə örnək olduğunu vurğulayıb. Rektor M.Babanlı Mübariz kimi qəhrəmanların Azərbaycan xalqı var olduqca qəlblərdə daim yaşayacağını və heç vaxt unudulmayacağını bildirib.

Millət vəkili E.Axundova da öz çıxışında M.İbrahimovun vətənə bağlılığından və Azərbaycanın qəhrəmanlıq tarixində qoyduğu silinməz izdən söz açıb. Azərbaycan xalqının Mübariz kimi minlərlə qəhrəman şəhidləri olduğunu deyən E.Axundova Azərbaycan xalqının öz torpaqlarını düşməndən azad edəcəyinə inandığını deyib.

Daha sonra çıxış edən Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Ə.Qənizadə Milli Qəhrəman Mübariz İbrahimovun həyatı və hərbi fəaliyyətindən danışıb. Ə.Qənizadə qeyd edib ki, M.İbrahimovun qəhrəmanlığından sonra Aprel döyüşlərində və Naxçıvanda da gənclərimiz və ordumuz öz qüdrətini bir daha sübut edib.