"Azərbaycan ATƏT nümayəndə heyəti ilə prinsipal danışıqlar aparmaldır" ŞƏRH

21 İyun 2018 15:32 (UTC+04:00)

“ATƏT-lə Azərbaycan sıx bağlıdır. ATƏT vaxtilə Minsk qrupunu yaradan beynəlxalq təşkilat olub və artıq neçə illərdir ki, həmsədr ölkələr bu çərçivədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar masa arxasında danışıqlar aparırlar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

ATƏT-in Azərbaycana yaxın və ölkəmizin maraqlarına uyğun bir təşkilat olduğunu deyən politoloq indiyədək Minsk qrupu tərəfindən problemin həllinə dair heç bir müsbət addım atılmadığın dilə gətirib: “Çox təəssüf ki, Minsk qrupu problemin həlli ilə bağlı məsələlərdə Azərbaycan və Ermənistanı bərabərləşdirməyə çalışır”.

ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyətin Azərbaycana səfərə gəlməsinə münasibət bildirən F.Sadıqov bildirib ki, nümayəndə heyətinin tərkibində olan diplomatlar səfər zamanı ölkəmizin həqiqətləri haqqında məlumatlarını daha da artırmış olacaqlar: “Avropa siyasətçiləri artıq başa düşür ki, Azərbaycan kifayət qədər Avropa və digər beynəlxalq təşkilatlar üçün önəmli ölkədir. Azərbaycanın iri miqyaslı layihələrin təşəbbüskarı olub, bu layihələri reallaşdırması eyni zamanda Avropanın da təhlükəsizliyinin təmininə yönəlib”.

Politoloq vurğulayıb ki, Azərbaycana gələn nümayəndə heyəti ilə keçirilən görüşlərdə bir sıra problemlər gündəmə çıxarılmalıdır: “Onlar Azərbaycanın mövqeyini dinləməli və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar düşüncələrimizin qəti olduğunu anlamalıdırlar. Bunun özü müsbət amildir”.

F. Sadıqov söyləyib ki, bir çox hallarda ATƏT nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yanaşmaları Azərbaycanı qane etmir: “Bildiyiniz kimi Azərbaycana gələn nümayəndə heyəti səfərdən öncə Ermənistanda olub, orada yeni hakimiyyətlə görüşüblər. Artıq onlar hər iki ölkəni müqayisə etməlidirlər. Səfərin məqsədi ATƏT öhdəlikləri və prinsiplərinə uyğun olaraq stabillik, sülh və rifaha dəstəklərini nümayiş etdirməkdir. Biz artıq neçə illərdir ki, onların bu şüarlarını eşidirik. Azərbaycan tərəfi dəfələrlə açıqlayıb ki, bizə belə şüarlar deyil, konkret əməllər lazımdır. Onlar Ermənistanda olub, onların danışıqlara separatçı rejimi əlavə etmək istəyini öyrəniblərsə o zaman buna etiraz etməli və bu addımın beynəlxalq hüquqa zidd olduqlarını bildirməlidirlər. Nümayəndə heyəti Ermənistan tərəfindən irəli sürülən təklifin danışıqlar prosesi üçün maneə olduğunu açıqlamalıdırlar. Əgər onlar bunu etmirsə, o zaman biz başa salmalı, həqiqətləri ortaya qoymalıyıq. Azərbaycan tərəfi ATƏT nümayəndə heyəti ilə diplomatik, mülayim, eləcə də sərt və prinsipal şəkildə danışıqlar aparmalı, məqsədlərimizdən dönməyəcəyimizi təkidlə bildirməli və tezliklə torpaqlarımızı işğaldan azad etmək niyyətimizi açıqlamalıdır”.

Politoloq əlavə edib ki, Azərbaycan artıq işğal olunmuş torpaqlarının geri qaytarılması istiqamətində işlərə başlayıb: “ 2016-cı ilin aprel döyüşləri, Naxçıvan hadisələri bunu təsdiq edə bilər. Əgər ATƏT regionda sabitliyi qorumaq istəyirsə, o zaman problemin həlli istiqamətində addımlar atmalıdır”.