Avropa Komissiyası ABŞ-a sanksiya tətbiq edib

21 İyun 2018 02:17 (UTC+04:00)

İyunun 20-də Avropa Komissiyası Avropa İttifaqından polad və alüminium idxalına müvafiq olaraq 25 faiz və 10 faiz rüsum tətbiq edən ABŞ-ın fəaliyyətinə cavab tədbirləri planını qəbul edib. Axar.az xəbər verir ki, Avropa Komissiyasının məlumatına əsasən, iyunun 22-dən Avropa İttifaqı ölkələrində ümumi həcmi 2,8 milyard avro olan ABŞ məhsullarına 25 faiz rüsum tətbiq olunacaq.

“Biz belə vəziyyətlə üzləşmək istəmirdik, lakin ABŞ-ın Avropa İttifaqından idxal olunan polad və alüminiuma rüsum tətbiqi barədə birtərəfli və əsassız qərarı bizə başqa çıxış yolu qoymadı, - deyə Avropa Komissiyasının ticarət məsələləri üzrə üzvü Sesiliya Malmström bildirib. – Bizim bərabər ölçülü, proporsional cavabımız Dünya Ticarət Təşkilatının qaydalarına uyğundur. Əgər ABŞ rüsumları aradan qaldırsa, bizim cavab tədbirlərimiz də ləğv olunacaq”.

Avropa İttifaqı ölkələrinin nümayəndələri yeni rüsumlara məruz qalacaq məhsulların siyahısını iyunun 14-də Brüsseldə keçirilən görüşdə razılaşdırıb. Belə məhsulların arasında “Harley Davidson” motosikletləri, “Levi Strauss” cinsləri və burbon şərabı da var. Ümumilikdə isə polad və alüminiumdan hazırlanan məhsullar, kənd təsərrüfatı məhsulları (qarğıdalı, düyü, quşüzümü), qida məhsulları (portağal şirəsi, yerfındığı yağı və tütün məmulatları), kosmetik vasitələr, geyim məhsulları, kater, yaxta və başqa məhsullar da bu siyahıya daxil edilib.