Abdulla Şaiqin ev-muzeyi əməkdaşlığın perspektivlərini müzakirə edib

20 İyun 2018 17:27 (UTC+04:00)

Abdulla Şaiqin ev-muzeyinin və Ulyanovsk vilayətindəki İ.A.Qonçarov adına Diyarşünaslıq muzeyinin əməkdaşları Bakı şəhərindəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİMM) tərəfindən təşkil olunmuş telekörpüdə iştirak ediblər.

RİMM-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tərəflər iki muzey arasında əməkdaşlığın perspektivlərini, o cümlədən virtual ekskursiyalar və ekspozisiya mübadiləsi təşkil edilməsinin mümkünlüyü məsələlərini müzakirə ediblər. Söhbətdə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin, RİMM-in muzey məsələləri üzrə kuratoru Cavad Quliyev, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi Yuliya Volodina, Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri İslam Hüseynov, Abdulla Şaiqin ev-muzeyinin direktoru Ülkər Talıbzadə, İ.A.Qonçarovun tarix-memorial muzey-mərkəzinin müdiri İrina Smirnova, Ulyanovsk şəhərindəki Heydər Əliyev adına 78 nömrəli məktəbin rus dili və ədəbiyyatı müəllimi Anna Tyurina, İ.A.Qonçarovun tarix-memorial muzey-mərkəzinin mədəni-təhsil fəaliyyəti sektorunun müdiri Darya Voloçek və “Dom Yazıkovıx” Ədəbiyyat muzeyinin böyük elmi işçisi Darya Kozlovskaya iştirak ediblər.