"Məhkəmələrdə baxılan mülki xarakterli işlərin sayı 20 dəfədən çox artıb"

20 İyun 2018 15:57 (UTC+04:00)

"Son illər məhkəmə-hüquq sistemində aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində əhaliyə hüquqi yardımların göstərilməsinə xüsusi diqqət yetirilir". SİA-nın xəbərinə görə, bunu "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının plenar iclasında ədliyyə nazirinin müavini Məhərrəm Əliyev deyib.

O bildirib ki, yeni regional məhkəmələrin təsis edilməsi, paytaxt və regionlarda yeni məhkəmə binalarının tikilməsi, məhkəmə fəaliyyətində ən son texnologiyaların, elektron məhkəmə sisteminin tətbiqi ədalət məhkəməsinin keyfiyyətinə səmərəli təsir göstərib: "Həyata keçirilən tədbirlər əhalinin məhkəmələrə olan inamını yüksəldib. Bunun nəticəsi olaraq məhkəmələrə edilən müraciətlərin sayı ilbəil artır. 2000-ci illə müqayisədə məhkəmələrdə baxılan mülki xarakterli işlərin sayı 20 dəfədən çox artıb".

M.Əliyev söyləyib ki, Prezidentin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı ötən ilin fevralında imzaladığı sərəncam əsasında bir çox işlər həyata keçirilib, həbs edilmiş şəxslərin sayı azalıb: Azadlığın məhdudlaşdırılması yeni cəza növünün elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb".