Milli Kitabxanada foto sərgi keçirilib FOTOLAR

20 İyun 2018 15:35 (UTC+04:00)

Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Rumıniyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Rumıniyanın Böyük Birliyinin 100 illiyi münasibətilə “Böyük Birlik. I Dünya Müharibəsindəki Qələbədən Böyük Rumıniya Hökmdarlarının Taclandırılmasına qədər” adlı foto sərgi keçirilib.

Tədbirdən öncə Milli Kitabxananın direktoru Kərim Tahirov Səfir Dan İanku və Kotroçeni Muzeyinin Baş Direktoru Liviu Sebastian Jikmanı qəbul edib, görüş zamanı Azərbaycan Milli Kitabxanası ilə Rumıniya Səfirliyi arasında mədəni əlaqələrin inkişaf etdirilməsindən danışılıb.

Daha sonra professor Kərim Tahirov qonaqlara “A guest in Azerbaijan” Azərbaycanın qədim musiqi alətləri haqqında olan “Azerbaijan musical instruments” və “Azərbaycan Milli Kitabxanası” (fotoalbom) kitablarını hədiyyə edib. Eyni zamanda da Kotroçeni Muzeyinin Baş Direktoru Liviu Sebastian Jikman Kotroceni muzeyindən bəhs edən kitabları Milli Kitabxananın direktoruna təqdim edib.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə Rumıniyanın Böyük Birliyinin yaranmasının 100-cü ildönümünün eyni vaxta təsadüf etməsinin çox fərəhli hal olduğunu söyləyib. Hər iki ölkənin qədim tarixi köklərə malik olduğunu bildirib. K.Tahirov Rumıniyanın Azərbaycanla dost ölkə olduğunu və hər iki ölkə arasında münasibətlərin möhkəm əsaslar, qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğundan danışıb, milli kitabxanalar arasında da əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib. Direktor Kərim Tahirov onu da qeyd edib ki, Rumıniya səfiri Dan İanku dəfələrlə Milli Kitabxanada olmuş və həmin ölkənin səfirliyi ilə Azərbaycan Milli Kitabxanası arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirib.

Səfir Dan İanku çıxışında söyləyib ki, Azərbaycan üçün olduğu kimi, 2018-ci il Rumıniya üçün də simvolik bir il olub. Belə ki, Rumıniyanın bütün böyük vilayətlərinin tarixi birləşməsi hadisəsinin tamamlanmasından 100 il ötür və 1 dekabr (Transilvaniyanın Rumıniya Krallığına birləşməsi gün, 1918-ci il) günü Rumıniyanın Milli Günüdür. Bu məqsədlə Rumıniya höküməti tərəfindən bir sıra tədbirlər təşkil edilib və “Böyük Birlik. I Dünya Müharibəsindəki Qələbədən Böyük Rumıniya Hökmdarlarının Taclandırılmasına qədər” adlı foto sərgi dünyanın bir neçə ölkəsində nümayiş etdirildiyini bildirib.

Rumıniyanın Prezident Administrasiyası nəzdində fəaliyyət göstərən Kotroçeni Muzeyinin Baş Direktoru Liviu Sebastian Jikman çıxışında sözügedən sərginin həmin muzeyin arxivləri əsasında hazırlandığını söyləyib. Baş direktor Sebastian Jikman sərginin eksponatlarının 30 fotoşəkildən ibarət olduğunu və Azərbaycan dilinə izahlarının tərcümə edildiyini bildirib. Onu da qeyd edib ki, tarixi foto şəkillərdə 1 dekab 1918-ci ildə Buxarest və Alba-İulia şəhərlərində (Transilvaniyanın Rumıniya Krallığına Birləşməsinin elan edildiyi şəhər) və Rumıniyanın Kral və Kraliçasının 15 oktyabr 1922-ci ildə Alba-İulia şəhərində simvolik olaraq taclandırılması ilə bağlı cərəyan edən bu iki mühüm hadisələr əks olunub.

Azərbaycan-Rumıniya Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayevə çıxışında Azərbaycan Rumıya ölkələrinin dostluğundan, hər iki ölkə arasındakı strateji əməkdaşlıqdan danışıb. Rumıniya Səfirliyinin təşkil etdiyi bu tədbir hər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyini qeyd edib.

Tədbirdə Moldovanın, Xorvatiyanın, Litvanın Azərbaycandakı səfirləri, Fələstin Səfirliyinin Azərbaycandakı nümayəndəsi, Millət vəkili Fazil Mustafa, Avrasiya Mətbuat Fondunun direktoru Umud Rəhimoğlu və digər qonaqlar iştirak ediblər.

Sərgi 2018-ci il 20 iyun tarixindən 10 iyul tarixinədək ictimaiyyətə açıq olacaq.