Hicran Hüseynova: "Qadın sahibkarların sayı 30 faizə çatıb"

20 İyun 2018 12:52 (UTC+04:00)

"Bu gün ən vacib məsələ gender bərabərli məsələsidir. Əgər cəmiyyətin yarısından çoxunu qadın təşkil edirsə, onların hüquqları və inkişafı vacib məsələdir. Hansı ölkələr inkişaf edir, yüksək vəzifələrdə çalışırsa o ölkələrdə inkişaf var. Bunu Azərbaycanın inkişafında da görmək mümkündür". SİA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakıda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxış edərkən deyib.

O bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə ölkəmizdə Cümhuriyyətin 100 illiyi qeyd olunur: "Bu il eyni zamanda Şərqdə qadınlara ilk seçki hüququnun verilməsinin də 100 illiyidir. AXC dövründə Azərbaycan çox böyük nailiyyətlər qazanıb. Ölkəmizin ikinci müstəqilliyi də çox çətin dövrə təsadüf edib. O dövrdə qadın hüquqlarından danışmaq çox çətin idi. Ulu Öndər Heydər Əliyev o dövrdə güclü qərar qəbul edərək 1995 -cu ildə Çində baş tutan Qadın Konfransına Azərbaycan nümayəndə heyətini göndərdi. O konfransdan sonra ölkəmizdə bu istiqamətdə mühüm addımlar atıldı. 1998-ci ildə Azərbaycanda bu istiqamətdə Komitə yaradıldı".

Komitə sədri qeyd edib ki, bu fəaliyyət prezident İlham Əliyev tərəfindən yeni mərhələyə qədəm qoyub: "2006-cı ildə Gender bərabərliyi, 2010-cu ildə Məişət zorakılığı ilə bağlı qanunlar qəbul olundu. Daha sonra nigah yaşının artırılması, nikaha daxil olmadan tibbi müayinələrlə bağlı sənədlər qəbul edilib. Bu istiqamətdə son sənəd uşaqların zərərli vərdişləri ilə bağlıdır ki hazırda bununla bağlı müzakirələr aparılır. Bu gün hər bir qurumda qadınlar fəaliyyət göstərir".

H.Hüseynova söyləyib ki, bu gün sevindirici hal Azərbaycanda sahibkar qadınlarının sayının artması istiqamətində göstərilən fəaliyyətdir: "Azərbaycanda bu işə başlayanda qadın sahibkarların sayı 4 faiz idisə, hazırda bu rəqəm 30 faizə qədər qalxıb. Bu gün Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı mühüm təşkilatlar var ki, qadınlarımız bu təşkilatlardan kredit alır, bu istiqamətdə maarifləndirilir. Bu gün Azərbaycan qadını hər bir sahədə fəaldır. Milli Məclisdə, məhkəmələrdə, dövlət orqanlarında, akademiyada qadınlarımız fəallıq nümayiş etdirirlər. Qadın fəallarımız sayı gündən-günə artır".