Manvel Qriqoryanın həbsinə RƏSMİ MÜNASİBƏT

18 İyun 2018 17:42 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın həbsinə münasibət bildirib. XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev SİA-ya bildirib ki, Ermənistanın müdafiə nazirinin sabiq müavini, milli qəhrəmanı M.Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştrak edib: "2014-cü ilin noyabrında "Azadlıq radiosu"nun erməni bürosuna verdiyi müsahibədə o, Qarabağ döyüşlərindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini açıq şəkildə və "fəxr"lə bəyan etmişdi. Bu etirafına görə hətta erməni hüquq müdafiəçiləri tərəfindən tənqid olunan və bu kimi əməlləri ilə Cenevrə konvensiyalarının pozulmasında ittiham olunan Manvel Qriqoryan həqarətlə Cenevrə konvensiyalarını tanımadığını bəyan etmiş, erməni olması ilə fəxr etdiyini demişdi".

H.Hacıyev deyib ki, Ermənistanın milli qəhrəmanı olan bu şəxs bu kimi açıqlamalarından sonra da Ermənistanın Respublika Partiyasının imtiyazlı üzvü kimi fəaliyyətini davam etdirmişdi. Azərbaycan XİN rəsmisi qeyd edib ki, "demokratiyadan və insan hüquqları"ndan dəm vuran Ermənistanın yeni hakimiyyəti əsl mahiyyətini indi sübut etməlidir: "Təəssüf ki, Manvel Qriqoryana qarşı başlanılan cinayət işi onun yalnız Ermənistanda törətdiyi iqtisadi cinayətlərlə məhdudlaşır. Cinayət işinin tərkib hissəsi olaraq onun müharibə dövründə törətdiyi hərbi cinayətləri, xüsusilə özünün etiraf etdiyi kimi əsir və girov götürülmüş yüzlərlə azərbaycanlının taleyi və onlara qarşı törədilmiş əməllər araşdırılmalıdır. Ümid etmək istərdik ki, beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları, o cümlədən Avropa Şurası bu məsələdə fəallıq nümayiş etdirəcəklər".