Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində “Son zəng”

18 İyun 2018 17:00 (UTC+04:00)
Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində 2017-2018-ci tədris ilinin başa çatması ilə əlaqədar "Son zəng" tədbiri keçirilib. Xidmətin mətbuat mərkəzindən SİA-ya bildiriblər ki, DSX Xüsusi Məktəbinin sıra meydanında təşkil olunan tədbir Azərbaycan Respublikasının dövlət himninin ifa olunması ilə başlayıb. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik teleqramı şəxsi heyətə çatdırılıb. Tədbirdə çıxış edənlər ölkəmizdə gənclərin yüksək səviyyəli təhsil almaları, fiziki və mənəvi cəhətdən sağlam böyümələri, layiqli vətəndaş kimi tərbiyə olunmaları üçün böyük imkanların yaradıldığını, bu məsələlərin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirib, DSX Xüsusi Məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmasını, birinci vitse-prezident Mehriban xanım Əliyevanın 2011-ci il oktyabrın 18-də və 2018-ci il martın 5-də məktəbdə təşkil olunan açılış mərasimlərində iştirak etməsini bu diqqətin real göstəricisi kimi dəyərləndiriblər. Əsas təyinatı kursantları Azərbaycan Respublikasının Prezidentinə, dövlətçiliyinə, xalqına sadiq və vətənpərvər ruhda tərbiyə etmək olan DSX Xüsusi Məktəbində yüksək səviyyəli tədris və təlim şəraitinin yaradıldığı xüsusi vurğulanıb. DSX Xüsusi Məktəbini 2018-ci ildə bitirən kursantlara xüsusi döş nişanları və qiymətli hədiyyələr təqdim olunub. Məzunlar DSX Xüsusi Məktəbinin bayrağı ilə vidalaşmaq üçün bayrağın qarşısında təzim ediblər. Kursantlar təntənəli marşla tribunanın önündən keçdikdən sonra "Sərhədçi marşı"nı oxuyublar. "Son zəng" çalındıqdan sonra məzunlar əllərindəki göyərçinləri səmaya buraxıblar. Sonra məzunlar DSX Xüsusi Məktəbinin "məzun simvolu" olan rəmzi nar ağacı üzərində "2018-ci ilin məzunları" yazılmış nar meyvəsinə adlarını və soyadları yazılmış siyahını sancıblar. Məzunlar məktəbin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə tər qızılgüllər qoyub, xatirə şəkli çəkdiriblər. Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadiqov iştirak edib.