SOCAR ölkə hüdudlarından kənarda əldə etdiyi gəlirlərini açıqlayıb

16 İyun 2018 20:09 (UTC+04:00)

Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın 2017-ci ildə İsveçrədəki fəaliyyətindən əldə etdiyi gəlirləri 78,63 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə SOCAR-ın maliyyə fəaliyyəti haqqında hesabatda qeyd edilir. Hesabata əsasən, bu göstərici 2016-cı ildə 40,44 milyard manat təşkil edib.

SOCAR-ın Türkiyədəki fəaliyyəti çərçivəsində ötən il əldə etdiyi gəlirləri isə 4,925 milyard manat təşkil edib. Qeyd edək ki, 2016-ci ilə bu göstərici 3,48 milyard manat olub. Müvafiq olaraq Birləşmiş Ərəb Əmirliklərində gəlirlər 2017-ci ildə 1,32 milyard manat (2016-cı ildə 1,16 milyard manat), Gürcüstanda isə ötən il 1,185 milyard manat (2016-cı ildə 1,05 milyard manat) olub.

SOCAR-ın digər ölkələr üzrə fəaliyyətindən əldə etdiyi gəlir isə ötən il 1,12 milyard manat təşkil edib ki, 2016-cı ildə bu göstərici 615 milyon manat olub. SOCAR-ın 2017-ci ildə Azərbaycanda fəaliyyətindən əldə olunan gəlir isə 5,38 milyard manat təşkil edib, 2016-ci il üzrə bu rəqəm 5,17 milyard manat olub.