Bakı şəhər 27 saylı tam orta məktəbdə “son zəng” çalınıb FOTOLAR

14 İyun 2018 21:27 (UTC+04:00)

Bu gün 2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI sinfini bitirən 83.001 şagird üçün “son zəng” çalınıb. SİA-nın verdiyi məlumata görə, Xətai rayonundakı 27 saylı tam orta məktəbdə də tədbir keçirilib.

"Son zəng" tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edənlər bu il 27 saylı tam orta məktəbin şagirdlərinin qəbul imtahanlarında əldə etdikləri uğurlardan danışıblar və bu il məktəbi bitirən məzunlara gələcək müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıblar.

Qeyd edək ki, Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəb 1959-cu ildən fəaliyyət göstərir. Keçmiş SSRİ Maarif Nazirliyinin əmri ilə İngilis dili dərindən öyrədilən orta ümumtəhsil məktəbi adlanıb. Hal hazırda tam orta məktəb adlanır. Məktəb 2008-ci ildən Beynəlxalq layihəyə qoşulduğu üçün “İngilis dilinin intensiv tədrisi” layihəsinə əsasən ingilis dili dərsləri Kembric proqramına uyğun tədris olunur. Məktəb iki dəfə - Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 19 avqust 2008-ci il tarixli 2007/2008-ci tədris ilində və 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2013-cü il tarixli 3043 nömrəli sərəncamı ilə 2012/2013-cü dərs ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.

Məktəbdə 3 nəfər müəllim Azərbaycan Respublikasının “Əməkdar Müəllimi” fəxri adını daşıyır. Məktəb 2012-ci ilin yayında Dövlət Proqramı əsasında əsaslı təmir edilib. Məktəbdə zəngin fənn kabinetləri, Respublika Prezidentinin Təhsil haqqında sərəncamları, Nazirlər kabinetinin qərarları, Təhsil İslahatını əhatə edən, müasir tələblərə cavab verən stendlər hazırlanıb ki, bu da öyrədici mühitin yaradılması üçün əsas şərtlərdən biridir. Məktəbdə fənlərin tədrisi innovasiyalar yeni təlim texnologiya və fəal (interaktiv) təlim metodları ilə aparıldığına görə müəllimlər mütəmadi olaraq ixtisasartırma ixtisasartırma kurslarından və treninqlərdən keçirlər.