Arena Polo üzrə VI Dünya Kuboku ilə bağlı mətbuat konfransı keçirilib

14 İyun 2018 17:48 (UTC+04:00)

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə reallaşdırılan Milli Atçılıq Festivalı çərçivəsində iyunun 15-17-də Arena Polo üzrə VI Dünya Kuboku yarışı keçiriləcək. SİA-nın məlumatına görə, bu gün yarışla bağlı mətbuat konfransı və iştirakçı komandaların təqdimatı olub.

ARAF-ın baş katibi Bəhruz Nəbiyev Milli Atçılıq Festivalı çərçivəsində təşkil edilən yarışların uğurla keçirildiyini, festivala Arena Polo üzrə VI Dünya Kuboku ilə yekun vurulacağını qeyd edib.

Tədbirdə vurğulanıb ki, Arena Polo üzrə VI Dünya Kuboku yarışı iyunun 15-də “Elite Horse & Polo Club” və “Indian Polo & Riding Club New Delhi” komandaları arasında keçiriləcək oyunla start götürəcək. Günün ikinci oyunu isə “Polo Club Wicklow” və “Rhein Polo Club Düsseldorf” arasında olacaq. Günün sonunda “Elite Events Hall”da “Baku Moritz” qala gecəsi keçiriləcək.

İyunun 16-da günün ilk oyununda “Rhein Polo Club Düsseldorf” və “Indian Polo & Riding Club New Delhi” komandaları mübarizə aparacaq. İkinci oyun isə “Elite Horse & Polo Club” və “Polo Club Wicklow” arasında keçiriləcək. Kubokun ikinci günü “Port Baku Scalini”də təşkil olunacaq sdünya polo gecəsi ilə başa çatacaq.

İyunun 17-də keçiriləcək oyunlarda isə komandalar üçüncülük və final uğrunda mübarizə aparacaqlar.

Daha sonra iştirakçı komandalar səhnəyə dəvət olunub və ictimaiyyətə təqdim edilib.