30 nömrəli Uşaq Musiqi Məktəbin şagirdlərinin yekun konserti baş tutub FOTOLAR

14 İyun 2018 14:21 (UTC+04:00)

Şaroyev adına 35 nömrəli onbirillik Musiqi Məktəbinin akt zalında Xətayi rayonu 30 nömrəli uşaq musiqi məktəbin şagirdlərinin 2017-2018 tədris ilinin yekun konserti baş tutub. SİA-nın məlumatına görə, tədbirdə Bakı şəhər Musiqi və İncəsənət məktəb direktorları, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin mütəxəssisləri Bəturə Məmmədəliyeva, Mehriban Qurbanova, Mədəniyyət Nazirliyi Elmi-Metodik Bədii təhsil şöbəsinin müdiri, pedaqoqika üzrə fəlsəfə doktoru Natiq Mustafayev, sektor müdiri, baş metodist Rauf Osmanov iştirak edib.

Tədbirdə öncə qonaqlar 30 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin konsertinə baxıblar.

Konsertdən sonra 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Yusif Məmmədov tədbirə gələn hər kəsə təşəkkürlərini bildirib. Direktor bildirib verib ki, 30 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri gələcəkdə bundan da geniş konsertlər verəcəklər.

Mərasimdə Şaroyev adına 35 nömrəli onbirillik məktəbin direktoru, əməkdar müəllim Yusif Vəliyev söz alaraq, konsertdən razı qaldığını bildirib: "30 nömrəli Uşaq Musiqi Məktəbində yeni səslər var. Məktəb son illər kökündən dəyişib. İnanıram ki, bundan sonra hər şey yaxşı olacaq".

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin mütəxəssisi Bəturə Məmmədəliyeva da konsertdən razı qaldığını ifadə edib.

Tədbirdə sonda söz alan Mədəniyyət Nazirliyi Elmi-Metodik Bədii təhsil şöbəsinin müdiri, pedaqoqika üzrə fəlsəfə doktoru Natiq Mustafayev son illər Azərbaycanda uşaq musiqi məktəblərinin sayının artdığını deyib: "Azərbaycanda 100-dən artıq musiqi məktəbinin şagirdləri Prezident təqaüdünə layiq görülüb. Respublikamızda bu gün musiqi və incəsənət məktəblərində böyük dönüş yaranır. Bütün mqüsabiqələrdə yeni-yeni şagirdlər qalib olurlar. Maraqlı burasındadır ki, Bakı musiqi məktəbinin şagirdləri xarici dövlətlərdə keçirilən müsabiqələrdə iştirak edib, qızıl medal qazanırlar. Hər il musiqi məktəblərin yekun konserti keçirilir. Bu konsertlərdən biri də bu gün 30 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin konsertidir. Dövlətimiz gücləndikcə, mədəniyyətimiz də inkişaf edir. Buna görə çox şadıq".