“15 iyun-Milli Qurtuluş Günü 25 il” YENİLƏNİB-VİDEO-FOTOLAR

14 İyun 2018 13:30 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında “15 iyun-Milli Qurtuluş Günü 25 il” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov, İcra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov, Kərim Kərimov, YAP-ın fəal gəncləri və KİV iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin qayıdışı ilə başlayan bu gün Azərbaycan tarixində yeni səhifələr açıb və Azərbaycanda təlatümlü günlərə son qoyulub: “Azərbaycan müstəqilliyini bərpa etmişdi, ancaq ölkəmiz çox təlatümlü, gələcək üçün təhlükə yaradan proseslərlə üz-üzə qalmışdı. O zamankı hakimiyyət ölkədə sabitliyi, əminamanlığı təmin edə bilməmişdi, ölkədə qeyri-sabitlik höküm sürürdü, iqtisasdiyyat tənəzzül dövrünü yaşayırdı, xarici siyasətdə uğursuzluqların nəticəsində Azəraycanın izolyasiyaya düşməsi təhlükəsi yaranırdı, erməni təcavüzü nəticəsində Azərbaycan ərazilərini itirirdi. Bütün sahələrdə ciddi böhran yaşanırdı. Təbii ki, Azərbaycan əhalisi ölkənin gələcəyindən narahat idi. Xalq anlayırdı ki, ölkəni bu vəziyyətdən yalnız Heydər Əliyev qurtara bilər və ona görə də Heydər Əliyevi Bakıya dəvət etdilər. Heydər Əliyev 1993-cü ilin iyunun 9-da Bakıya gəldi, iyunun 15-də parlamentin sədri seçildi. Bununla Azərbaycanda sabitliyini təmin olunması istiqamətində addımlar həyata keçirilməyə başladı, ilk növbədə sabitlik bərpa edildi, ölkənin ərazilərinin itirilməsi qarşısına sədd çəkildi, iqtisadi sahədə isə tənəzzülün qarşısı alındı, 1600 faizə qədər qalxan hiperinfilyasiya cilovlandı və beləliklə insanların Heydər Əliyevin qayıdışından gözlədikləri həyata keçirildi. Azərbaycan normal həyata qayıtdı və bütün sahələrdə ciddi islahatlar həyata keçirilməyə başlandı”.

Ə.Əhmədov vurğulayıb ki, Heydər Əliyevin qayıdışından sonra Azərbaycanı bugünki inkişafa gətirib çıxaran uğurlu strategiya həyata keçirilməyə başladı: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu inkişafını davam etdirdi. Bu gün Azərbaycan güclü bir ölkəyə çevrilib, güclü ordusu var. Hesab edirik ki, Azərbaycan insanları daha da yaxşı yaşayacaq”.

YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov isə bildirib ki, Azərbaycanın bugünkü uğurları qurtuluş məfkurəsi ilə əlaqədardır: “1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ölkədə sabitliyi təmin etdi. Bundan sonra isə müstəqil, hüquqi-demokratik dövlət quruculuğuna başlanıldı. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Ölkənin ali qanunvericilik orqanına, yerli idarəetmə orqanlarına beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və demokratik seçkilər keçirildi.

Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtardı və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz, dönməz etdi”.

YAP-ın digər üzvləri, deputatlar, gənclər də çıxış edərək, Milli Qurtuluş gününün əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan danışıblar.