"TANAP Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür" AÇIQLAMA

14 İyun 2018 13:50 (UTC+04:00)

“TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. Türkiyə, Ukrayna, Serbiya və digər dövlət rəhbərlərinin açılış mərasimində iştirakı bu layihəyə necə önəm verildiyini göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

O bildirib ki, TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür.

TANAP dünyanın geosiyasi xəritəsini dəyişən bir layihə olduğunu deyən A. Nağıyev söyləyib ki, layihə iqtisadi cəhətdən bu Azərbaycan üçün böyük dividentlər gətirəcək: “TANAP layihəsi başa çatmadan da Azərbaycan bu layihədən gəlir götürə biləcək. TANAP layihəsində Cənub Qaz Dəhlizi QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir. Bölgülərə baxdıqda görürük ki, burda çox mühüm əhəmiyyət kəsb edən amillər var. Dünyanın qlobal layihələrində iştirakı Azərbaycana bir sıra mühüm məsələlərinin həllinə müsbət mənada kömək edəcək”.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan qazının məhz Cənub Qaz Dəhlizi vasitəsilə TANAP layihəsi çərçivəsində Avropaya çatdırılması və onun TAP xəttinə qoşulması müsbət bir haldır:

“Şahdəniz” qazının bu gün Avropaya çatdırılması 20 il bundan əvvəl təsəvvürə gəlməyən bir hadisə idi. Bu gün artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasında mühüm rol oynayan bir dövlətə çevrilib. Prezident İlham Əliyevin də dediyi kimi, TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Azərbaycan artıq alternativ olaraq, böyük dövlətlərlə eyni müstəvidə adı çəkilən bir dövlətə çevrilir. Bu həm siyasi, həm iqtisadi cəhətdən çox mühüm əhəmiyyət kəsb edir ”.