Əlvida Məktəb REPORTAJ - SƏS TV

14 İyun 2018 12:54 (UTC+04:00)

Daha bir tədris ilinin sonuna gəlib çatdıq. Bu gün Azərbaycanda 83001 nəfər 11-ci sinif şagirdi hər il olduğu kimi məktəb ilinin sonunu və yeni həyatının başlanğıcını yaşayır. Bu günü səbirsizliklə gözləyən şagirdlər “Son zəng”ə həftələrlə çalışır və bu günün onların həyatında ən unudulmaz günə çevrilməsi üçün əllərindən gələni edirlər. Səs TV olaraq məzunların yanında olub, onların xoş günlərini yaddaşlara həkk etmək istədik.

Məmməd Rahim adına 7 saylı tam orta məktəbdə “Son zəng” tədbiri Dövlət bayrağının gətirilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq élan olunub.

Balacaların ifasında səslənən məktəbin himni tədbirdə fərqli mənzərə yaradıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Könül Həsənova hər kəsi salamlayaraq, məzunları bayram münasibətilə təbrik edib, onlara uğurlu gələcək arzu edib: “Sizə kamil olmağı, müəllimlərinizin və valideynlərinizin başını uca tutmağı arzu edirəm. Bu gün siz müstəqil vətəndaşa çevrilirsiniz. Yeni həyatınızda şansınız bol olsun”.

Tədbirdə Prezident İlham Əliyevin ölkəmizdə təhsilə göstərilən diqqət və qayğısından, dövlətimizin inkişafından bəhs edilib.

Valideynlər də çıxışlarında məzunları müstəqil həyata qədəm qoymaqları münasibətilə təbrik edib, onlara elm öyrədən müəllimlərə minnətdarlıqlarını ifadə ediblər.

11-cilər müəllimlərinə təşəkkürü isə səsləndirdikləri mahnı və rəqs nümunələri ilə olub.

Həyəcanını bizimlə bölüşən 11-ci sinif müəlliməsi Natavan Şükürova bu günun məzunlar üçün əlamətdar gün olduğunu bildirib: “Bu gün onların həyatında məktəb ilinin son zəngi, yeni həyatlarının isə ilk zəngidir. Onlara məktəbdə təkcə elm deyil, əxlaqlı, tərbiyəli olmaq, əsil vətənpərvər kimi yetişmək öyrədilib. İllər ötdükcə məzunlar bu günü xatırlayanda həm kədərlənəcək, həm də sevinəcəklər. Yenidən parta arxasında otura bilmədikləri üçün kədərlənsələr də, yeni həyata qədəm qoyduqları üçün sevinəcəklər. Arzu edirəm ki, məzunların hər biri təhsil alacaqları ali məktəblərdə, fəaliyyət göstərəcəkləri kollektivlərdə layiqlə təmsil olunub, daim uğur qazansınlar. Tanrı sizi qorusun əziz məzunlar!”.

Digər məzunlar kimi həyəcan keçirən Rahul Xəlilov hislərini dilə gətirməkdə çətinlik çəkdiyini bildirib: “Bu gün mən də yoldaşlarım kimi həm sevincli, həm də kədərliyəm. Məktəbdən ayrıldığıma görə təsirlənir, lakin tələbə adı qazanmaq şansını əldə etdiyimə görə sevinc hissi keçirirəm. Bütün sinif yoldaşlarıma, müəllimələrimə gələcək də uğurlar, can sağlığı, bol şanslar arzu edirəm”.

Sinif rəhbəri Şəhla Yolçuyeva bildirib ki, bu gün məzunlarla yanaşı müəllimlər də böyük həyəcan keçirirlər: “Bu gün biz müəllimlər üçün də həm sevincli, həm də kədərli gündür. Valideynlərlə birgə neçə ildir ki, bu uşaqların üzərində əziyyət çəkir, onların əsil vətəndaş kimi yetişməsi üçün əlimizdən gələni edirik. Məzunlara həyatda ilk növbədə can sağlığı arzu edirəm. Çünki bütün uğurların başında can sağlığı dayanır. Qədəm qoyduqları yeni həyatda arzuladıqları ən yaxşı niyyətlərə nail olsunlar. Arzum budur ki, onlar müəllimlərinin əziyyətlərini itirməsinlər. Ümid edirəm ki, onlar bizim, valideynlərinin, məktəbimizin başını uca edəcəklər. Artıq məzunlarımızın demək olar ki, əksəriyyəti yaz qəbul imtahanında ali məktəblərdə oxumaq şansı qazanıblar.Məzunlarımızın arasında 600-dən yuxarı baş toplayan abituriyentlərimiz var. Bir daha ürəkdən onları təbrik edir, ən xoş diləklərimi bildirirəm".

Yoldaşlarından ayrıldığı kədərli olduğunu deyən məzun Fidan İsmayılzadə ali məktəbə daxil olduğu üçün sevinlci olduğunu dilə gətirib: “11 ildir ki bu məktəbdə oxuyuram. Müəllimələrimzdən, sinif yoldaşlarımdan ayrılmaq mənim üçün çox çətindir. Lakin ali məktəbə qədəm qoyuram və buna görə çox sevinirəm. Ali məktəbə daxil olmaq mənim üçün böyük nailiyyətdir. Bu, şəxsiyyət kimi formalaşmaq yolunda mühüm uğurdur. Özümə də sinif yoldaşlarıma uğurlar arzu edir, gələcək həyatımızda bol şanslar diləyirəm”.

Yekunda məzunların həyəcanla gözlədikləri və onları məktəbdən ayıracaq “Son zəng” çalınıb.

Biz də öz növbəmizdə əlamətdar gün münasibəti ilə bütün məzunlar təbrik edir, yeni yolun astanasında qərar tutan yeniyetmələrə uğurlar arzulayırıq.