Sorosun uşaqları yenə də iş başındadırlar

14 İyun 2018 10:11 (UTC+04:00)

Qondarma "Media klubu"n təsisçiləri vaxtı ilə "reketçilik"də ad çıxarmış şəxslərdir

Birmənalı şəkildə demək olar ki, Azərbaycanda söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin edilir. Bu da Azərbaycanın hüquqi-demokratik inkişaf yoluna sədaqətli olduğunun göstəricisidir. KİV-lə bağlı qəbul edilən qanunlarda, imzalanan prezident sərəncam və fərmanlarında əsas xətt bu istiqamətdə uğurları və nailiyyətləri bir qədər də inkişaf etdirməkdir. Məhz bunun nəticəsidir ki, qəzetlərin borcunun ödənməsindən başlamış Azərbaycan Milli Mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, bu münasibətlə mətbuat işçilərinin təltifi, fəxri adlar verilməsi, habelə, kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə yüksək qiymətin göstəricisidir. O cümlədən, mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binalarının tikilməsi də mətbuata yüksək diqqət və qayğının bariz nümunəsidir. Xüsusi vurğulamaq lazımdır ki, jurnalistlər üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır. Hər il maliyyə yardımlarının göstərilməsi, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi, bir daha sübut edir ki, mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli xarakter daşıyır. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bu konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Kütləvi informasiya azadlığı haqqında qanunun birinci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasında kütləvi informasiyalar azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət təminat verir. Amma diqqətçəkən məqam ondan ibarətdir ki, bəzi əlləri xarici maraqlı dairələrin cibində olanlar yaradılan bu demokratik mühitdən öz şəxsi maraqlarının dövlət mənafeyinə zidd şəkildə həyata keçirməklə nail olmağa çalışırlar.

Görünür, Corc Sorosa elə Əvəz Zeynallı kimi insanlar lazımdır

Bu faktdır ki, əsasən, Azərbaycana qarşı qərəzli fəaliyyətləri ilə seçilən xarici maraqlı dairələr ələbaxım funksiyasını yerinə yetirən dağıdıcı müxalifət təmsilçilərindən istifadə edir. Elə bu günlər AXCP sədri Əli Kərimlinin Rusiyanın qaranlıq dairələrindən 412 min dollar alması barədə əldə olunan mövcud faktlar mətbuatda müzakirə olunan mövzulardandır. Artıq bəlli olduğu kimi, Azərbaycan hüquq-mühafizə orqanları istintaq araşdırmalarına başlayıblar. Bundan öncə də, Ə.Kərimli, eləcə də, Müsavatın keçmiş başqanı İsa Qəmbər və indiki başqanı Arif Hacılı xarici dairələrdən maliyyə yardımları almaqla ölkəmizdəki mövcud ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstəriblər. Siyasiləşmiş mətbu orqanların isə birbaşa xarici maliyyə dairələri ilə əlaqələrinə dair məlumatlar bir o qədər çox deyil. Yəni siyasiləşmiş mətbu orqanlar maliyyə yardımlarını sığındıqları siyasi partiyalar vasitəsi ilə əldə ediblər. Bu günlər yayılan məlumatlar isə, onu deməyə əsas verir ki, artıq siyasiləşmiş mətbu orqanlar vasitəçilərin iştirakı olmadan birbaşa xarici maliyyə institutları ilə əlaqələr qururlar. Bir neçə jurnalistika prinsiplərini və qanunlarını pozduqları üçün KİV dairəsindən uzaqlaşdırılan "yazar"ın Soros fondunun ayırdığı maliyyə yardımı hesabına "Media klubu" adlı qondarma qurum yaratmaları deyilənlərə misal ola bilər. Təsisçilərin iddialarına görə, məqsədləri guya "ölkənin müstəqil, sağlam informasiya məkanının formalaşdırılmasıdır". Özlərini "media ictimaiyyətinin nümayəndələri" kimi təqdim edən təsisçilərin yaydığı açıqlamada qeyd olunur ki, onlar Azərbaycanda müstəqil, keyfiyyətli və məsuliyyətli KİV-in təşəkkülünə və ona olan ictimai etimadın bərpasına kömək edəcək mühitin yaradılması, o cümlədən, informasiya vasitələrinin manipulyasiya, təcavüz, təhqir və yalan sisteminə çevrilməsi cəhdlərinin qarşısının alınması məqsədi ilə səylərin birləşdirilməsini zəruri hesab edirlər.

Satmağa və satılmağa öyrəncəli olanlar

Bu başdan demək olar ki, ideya boğazdan yuxarıdır, əsl məkr və niyyət gizlədilir. Çünki ideya müəllifləri olan "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı, "Azadlıq" qəzetini redaktoru Rövşən Hacıbəyli, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədr və tarixin arxivində olan "Gün səhər" qəzetinin baş redaktoru Arif Əliyev, "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev, "Ayna-Zekalo" qəzetini baş redaktoru Elçin Şıxlı müxalifət qazanının dibini yalayan və bunun hesabına özlərinə imkanlar qazandıran şəxslərdir. Bunu "Media klubu"nun təsisçilərindən olan Mehman Əliyev bir zaman vicdana gəlib, özü etiraf etmişdi. Bildirmişdi ki, 2000-2010-cu illərdə Azərbaycan mediasına 150 milyondan çox qrant ayrılıb. Təbii ki, ayrılan vəsaitlərdən M.Əliyev özünə cah-cəlal qurub, maşın və obyektlər əldə edib. Çünki bir ara M.Əliyev "Soros" Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdu. Bu zaman daxil olan vəsaitlərin daha çox hissəsini kitabdan-kitaba keçirməklə özü mənimsəyib. Təkcə bir faktı qeyd etmək lazımdır ki, M.Əliyevin Nyu-Yorkdakı evinin dəyəri 5 milyon dollar qiymətləndirilir.

Əvəz Zeynallı o şəxsdir ki, reketçilik etdiyi üçün damğalanmışdı. Azadlığa çıxdıqdan sonra da öz əməllərini davam etdirmişdir. Yəni insanların şərəf və ləyaqətini təhqir etmək və bu yolla pul qazanmaq onun ənənəvi fəaliyyətindən olmuşdu. Bu isə, onu deməyə əsas verir ki, həqiqətən də, atalar misalında deyildiyi kimi, qozbeli qəbir düzəldər. Ə.Zeynallının Sorosun puluna şirniklənib meydana çıxması onun riyakarlığının və pula hərisliyinin göstəricisidir. Görünür, Corc Sorosa elə Ə.Zeynallı kimi insanlar lazımdır. İstifadə edib, sonra da atsın.

E.Şıxlı və A.Əliyev də satmağa və satılmağa öyrəncəli olan simalardır. A.Əliyev "Gün səhər" adlı qəzet təsis edib, fəaliyyətə başladığı zaman 450 min dollar qrant almışdı. Əməkdaşlarına böyük məbləğdə maaş və qonorar verirdi. Amma bu izdivac uzun çəkmədi. Qəzet ictimai maraqları təmin etmədiyi üçün fəaliyyətini dayandırdı. Bundan isə A.Əliyev 250 min dollar qazanc əldə etdi.

Bir sözlə, demək olar ki, "Media klubu"nu yaradanlar yenidən boşalmış ciblərini doldurmağı planlaşdırırlar. C.Soros da onların pula hərisliyini bildiyindən Azərbaycanda məkrli ideyalarını reallaşdırmaq üçün geniş fəaliyyətə başlayıb. Ancaq bu başdan demək olar ki, Soros və Sorosun uşaqları rolunda meydana çıxmağa çalışanları iflas gözləyir. Ən azı ona görə ki, pulla ehtiyacları və problemləri həll etmək olar, ancaq hədəflərə çatmaq və məkrli planlar reallaşdırmaq mümkün deyil.

İ.ƏLİYEV