Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü

14 İyun 2018 10:05 (UTC+04:00)

Norveçin Tərəqqi Partiyasından olan deputatlar 2018-ci il Nobel Sülh Mükafatına ABŞ Prezidenti Donald Trampın namizədliyini irəli sürüblər. Norveç KİV-ləri xəbər verir ki, bu məlumatı Tərəqqi Partiyasından olan deputat Per-Villy Amundsen jurnalistlərə müsahibəsində açıqlayıb. O bildirib ki, Donald Tramp Şimali Koreya və ABŞ arasında əldə olunan sülh razılaşmasına və Koreya yarımadasında “Nüvəsizləşdirmə” prosesinin başlanması işindəki səylərinə görə bu mükafata layiqdir.

Qeyd edək ki, Nobel Sülh Mükafatı Oslodakı Nobel Komitəsi tərəfindən hər il dünyada sülhün möhkəmləndirilməsi sahəsində göstərilən böyük xidmətlərə görə fiziki şəxslərə və təşkilatlara verilən ən nüfuzlu mükafatdır. Namizədlərin adları açıq və gizli şəkildə təqdim olunur. Laureatı seçən orqan - Nobel İnstitutu namizədlər və onların xidmətləri haqqında adətən məlumat vermir.

Laureatların adları oktyabr ayı ərzində keçirilən xüsusi tədbirlərdə açıqlanır. Mükafatların təqdim edilməsi mərasimi isə bir qayda olaraq dekabrın 10-da - mükafatın təsisçisinin vəfatı günü Stokholm və Osloda keçirilir.

Nobel mükafatının təsisçisi Alfred Nobelin vəsiyyətinə görə, beş nominasiya üzrə yaradılan mükafatın dördü Stokholmda verilir. Bu sıraya fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat, habelə 1969-cu ildə İsveç Bankının təşəbbüsü ilə Alfred Nobelin xatirəsinə təsis edilmiş iqtisadiyyat üzrə qeyri-rəsmi mükafat daxildir. Nobel Sülh Mükafatı isə Norveçdə təqdim edilir.