Aqrar Universitetdə görkəmli alim Cəlal Əliyevin xatirəsi anılıb

13 İyun 2018 18:23 (UTC+04:00)

Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Aqrar Universitetdə alimin xatirəsi anılıb. SİA xəbər verir ki, aqronomluq fakültəsində təşkil olunmuş tədbirdə çıxış edənlər akademik Cəlal Əliyevin biologiya elminin bir sıra yeni istiqamətlərini müəyyən etdiyini və onun aktual problemlərinin həllinə sanballı töhfələr verdiyini bildiriblər.

Qeyd edilib ki, alimin ölkədə bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidmətləri olub. O, ömrünün böyük bir hissəsini Azərbaycanda dənli-taxıl bitkilərinin yeni sort və hibridlərinin yaradılmasına həsr edib.

Sonra akademik Cəlal Əliyevin respublikamızda taxılçılığın inkişafı sahəsində gördüyü elmi işlər nəzərə alınaraq, alimin xatirəsinə ehtiram əlaməti olaraq universitetin taxıllar üzrə nümayiş sahəsində “tarla günü” keçirilib.

Tədbirdə aqronomluq fakültəsinin “Taxıl və paxlalı bitkilər sahəvi laboratoriyası”nın professor-müəllim heyəti, tələbələr və bölgənin bir sıra fermerləri iştirak ediblər.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri, dosent Aynur Həsənova, taxıl və paxlalı bitkilər sahəvi laboratoriyasının müdiri, dosent Firuddin Qurbanov, biologiya kafedrasının müdiri professor Zaur Hümbətov, eləcə də aqronomluq fakültəsinin tələbələri və taxılçılıqla məşğul olan fermerlər çıxış edərək, akademik Cəlal Əliyevin biologiya və aqrar elminə verdiyi töhfələrdən danışıblar.

Sonda qonaqlar Aqrar Universitetin taxıllar üzrə nümayiş sahəsi ilə tanış olublar.