“Saytların dil mənzərəsi” ilə bağlı aparılan monitorinqlərin nəticəsi açıqlanıb

13 İyun 2018 17:07 (UTC+04:00)

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə "Saytların dil mənzərəsi" mövzusunda mətbuat konfransı keçirilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbiri Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu açaraq ölkə başçısının 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" ilə bağlı görülən işləri diqqətə çatdırıb. Qeyd edib ki, rəhbərlik etdiyi qurumda sərəncamın icrası ilə bağlı Monitorinq şöbəsi yaradılıb və reklamlarda, kütləvi informasiya vasitələrində Azərbaycan dilinin fonetik və qrammatik normalarına riayət olunmasının təmin edilməsi məqsədilə mütəmadi monitorinqlər keçirilir.

Dilin bir xalqın ən böyük milli-mənəvi sərvəti olduğunu deyən akademik 100 illik yubileyi qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövlətin mühüm atributlarından biri kimi bu məsələyə xüsusi önəm verdiyini söyləyib. O, AXC hökumətinin qəbul etdiyi ikinci rəsmi sənədin dillə bağlı olduğunu bildirib və 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan dilinin dövlət dili elan edildiyini vurğulayıb.

O, Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə ana dili məsələsinə ciddi yanaşdığını xatırladıb və məhz onun tələbi ilə Azərbaycan SSR-nin 1978-ci ildə qəbul edilmiş Konstitusiyasında dövlət dili kimi Azərbaycan dilinin təsbit olunduğunu deyib.

Akademik ana dilinə qayğı siyasətini bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, Dövlət Proqramının qəbul olunduğunu, eləcə də Dövlət Dil Komissiyasının tərkibinin yeniləndiyini deyib.

Sonra çıxış edən institutun Monitorinq şöbəsinin müdiri, fil.ü.f.d., dos. Sevinc Əliyeva Azərbaycan dilinin dövlət dili kimi inkişafı və dilin təmizliyinin qorunması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb. O, növbəti aylarda TV-lərin və musiqi ifaçılarının nitqində ədəbi dil normalarının pozulması ilə bağlı monitorinqlərin aparılacağını diqqətə çatdırıb.

Daha sonra institutun aparıcı elmi işçisi, fil.ü.f.d, dos. Şahlar Məmmədov"Saytların dil mənzərəsi" ilə bağlı monitorinqlərin nəticəsini açıqlayıb. O, çıxışında saytlarda dilin inkişafına təsir edəcək ciddi proseslərin müşahidə edildiyini və 30-a yaxın elektron mediada monitorinqlərin aparıldığını söyləyib. Bildirib ki, monitorinqin keçirilməsində məqsəd mətbuatın dilində ədəbi dil normalarının pozulması hallarının müəyyən olunması, dil qüsurlarının aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi üçün təkliflərin irəli sürülməsidir.

Ş.Məmmədov bu gün saytlarda fonetik səviyyədə yazı qaydalarının pozulması və sözün əcnəbi dildəki variantına uyğun yazılışı ilə bağlı ciddi səhvlərin olduğunu diqqətə çatdırıb: "Leksik səviyyədə rast gəlinən səhvlər isə alınma terminlərə üstünlük verilməsi, "parazit" sözlərdən istifadə, dəqiqliyin, qısaltmalar və üslubi normanın pozulmasıdır".

O, həmçinin idarə əlaqəsinin pozulması, inversiya və durğu işarələrinin düzgün qoyulmaması kimi qrammatik səhvlərin də saytlarda geniş yayıldığını söyləyib: "Xəbər mətnləri ilə müqayisədə müsahibə mətnlərində səhvlər daha çox olur və ciddi şəkildə redaktə edilmədən yayımlanır".

Daha sonra Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova, Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.