Azər Badamov: "Cənub Qaz Dəhlizi Azərbaycanın dünyadakı nüfuzunu artırır" AÇIQLAMA

13 İyun 2018 15:34 (UTC+04:00)

"Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi 4 - "Şahdəniz-2", Cənub Qaz Kəməri, TANAP və TAP hissələrindən ibarətdir. Ötən gün bildiyiniz kimi Türkiyədə Azərbaycan Prezidenti İlham Əliyevin və bir sıra dövlət başçılarının iştirakı ilə TANAP layihəsinin reallaşdığının şahidi olduq. Belə ki, TANAP-ın açılışı Azərbaycan qazının Avropa sərhədlərinə çatmasına imkan verəcək". Bu fikirləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

TANAP-ın qlobal əhəmiyyətli layihə olduğunu deyən deputat söyləyib ki, bu layihə Türkiyəyə 6 milyard kub metr qaz çatdıracaq: "Cənub Qaz Dəhlizinin TAP hissəsinin reallaşmasından sonra isə Avropaya əlavə olaraq 10 milyard kub metr qazın verilməsinə imkan yaradacaq. Ümumiyyətlə Cənub Qaz Dəhlizi layihəsi 7 ölkəni əhatə edir ki, bura Azərbaycan, Türkiyə, Gürcüstan, Albaniya, Bolqarıstan, İtaliya daxildir. Layihə bu ölkələrin Azərbaycanla sıx əməkdaşlığına daha geniş şərait yaradacaq. Cənub Qaz Dəhlizi Azərbaycanın dünyadakı nüfuzunu artırır".

A. Badamov qeyd edib ki, Azərbaycan maliyyə tutumundan asılı olmayaraq irəli sürdüyü təşəbbüsləri yüksək səviyyədə reallaşdırır: "Ölkəmiz tərəfindən indiyədək bir çox layihələr həyata keçirilib. Bakı Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa kəmərlərinin açılması ilə yanaşı Cənub Qaz Dəhlizinin də reallaşması ölkəmizi dünyaya daha da sıx bağlamış olur. Bu bağlantı Azərbaycanın təhlükəsizliyinin gələcək təminatının qarantıdır. Avropa məkanı üçün yeganə alternativ enerji təminat mənbəyi Cənub Qaz Dəhlizi olacaq ki, bu da Avropanın Azərbaycanın təhlükəsizliyi üçün marağının artması deməkdir. Bu da o deməkdir ki, Avropanın enerji təminatı Azərbaycanın təhlükəsizliyinin təminatında asılı olacaq ".

Cənub Qaz Dəhlizi və onun bir hissəsi olan TANAP-ın qlobal layihə olduğunu vurğulayan deputat söyləyib ki, bu layihə dünyada həyata keçirilən ən iri layihələrdən hesab olunur: "Cənub Qaz Dəhlizi həm də iqtisadi səmərə verən layihədir. Belə ki layihənin Azərbaycana 100 milyard dollar gəlir vermək iqtidarındadır. Bildiyiniz kimi layihədə 12 beynəlxalq şirkət iştirak edir və onun həyata keçirilməsinə 40 milyon dollar vəsait yatırılır. Belə olan halda, həm layihədə iştirak edən şirkətlər, həm də maliyyə qurumları Azərbaycanın təhlükəsizliyində maraqlı olacaqlar. Bir sözlə qeyd etmək istəyirəm ki, Cənub Qaz Dəhlizi Azərbaycanın dünyada artan nüfuzu, gələcək təhlükəsizliyinin təminatçısı olacaq".