Sərhədçilər “Heydər Əliyev zirvəsi”nə və “İlham Əliyev zirvəsi”nə yürüşlər ediblər FOTOLAR

13 İyun 2018 14:21 (UTC+04:00)

Dövlət Sərhəd Xidməti (DSX) ənənəyə uyğun olaraq Milli Qurtuluş Günü münasibətilə xidmətdə fərqlənmiş bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağlarının Qızılqaya massivindəki dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə və Ağstafa rayonundakı Keşikçidağ ərazisində “İlham Əliyev zirvəsi”nə yürüşlərini təşkil edib.

DSX-nin mətbuat mərkəzindən SİA-ya bildiriblər ki, yürüşlərin məqsədi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli sərhəd strategiyasının banisi, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramının bildirilməsi və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xidmət etməkdən qürur hissinin ifadə olunmasıdır.

Xudat sərhəd dəstəsinin “Xınalıq” və Şəmkir sərhəd dəstəsinin “Keşikçidağ” sərhəd zastavalarından hərəkətə başlayan yürüş iştirakçıları mürəkkəb relyefə malik dağlıq əraziləri böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvələrə qalxıblar. Sərhədçilər zirvələrdə Azərbaycan Respublikasının bayrağını ucaldıb, dövlət himnini ifa edib və üzərində Milli Qurtuluş Gününün 25 illik yubileyi ilə bağlı yazıların həkk olunduğu lövhələri qayalara bərkidiblər.

Yürüşün iştirakçıları olan sərhədçilər ümummilli lider Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi vurğulayıblar. Sərhədçilər ölkəmizin ərazi bütövlüyünün tezliklə təmin olunacağına və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminliklərini bildiriblər.