Azərbaycanın iqtisadi, strateji əhəmiyyəti artır ANALİTİK

13 İyun 2018 13:53 (UTC+04:00)

TANAP və TAP ölkəmizin növbəti 20-30 ildəki uğurunun bariz və məntiqi göstəricisidir

Azərbaycan təbii qazını Türkiyəyə, oradan da Avropaya nəql edəcək Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakları ilə açılışı mərasimi baş tutduqdan sonra, artıq bir sıra yerli və xarici ekspertlər də vurğulayırlar ki, bu layihə Azərbaycanın tranzit ölkələr boyunca iqtisadi, strateji əhəmiyyətini artırır, ölkəmizin regionda dominatlığını təmin edir. Belə ki, TANAP sosial lisenziya qazanıb və Avropa Birliyi tərəfindən bu layihənin dəstəklənməsi Azərbaycanın əhəmiyyətinin növbəti onilliklərdə qorunmasına böyük töhfə vermiş olur.

Onu da qeyd edə bilərik ki, TANAP və TAP layihələri Azərbaycanın növbəti 20-30 ildəki uğurunun bariz və məntiqi göstəricisidir. Belə ki, bu layihələr Azərbaycanın ticarət əlaqələrinin genişlənməsinə, ölkəmizə kapital axınının artımına böyük imkanlar yaratdığı üçün ölkəmizin tarixi nailiyyətidir.

Azərbaycan rəqabətə girmədən müstəqil beynəlxalq oyunçu statusunu möhkəmləndirir

Bu arada digər maraqlı məqam layihə ilə bağlı ekspertlərin verdikləri rəylər və mülahizələridir. Belə ki, “Tsarqrad” telekanalının siyasi icmalçısı, siyasi elmlər namizədi Kamran Həsənov mətbuata açıqlamasında bildirib ki, Azərbaycan qazı Türkiyəyə ixrac olunacaq, Bolqarıstanın qoşulmaq niyyətində olduğu Yunanıstandan İtaliyaya gedəcək qaz kəməri 2020-ci ildə istifadəyə veriləcək. TAP İtaliyanın sərfiyyatının 17 faizini təmin edəcək. Eyni zamanda, analitikə görə, Cənub Qaz Dəhlizinin gücü illik 16 milyard kub metr qiymətləndirilir, bunun 6 milyardı Türkiyəyə, 10 milyardı isə Avropaya ixrac olunacaq.

Beləliklə, Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək bu kimi mühüm layihələr gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq ki, bu faktın özü ölkəmizin əhəmiyyətini bir daha nəzərəçarpacaq dərəcədə nümayiş etdirir.

Rövşən NURƏDDİNOĞLU