"Aslan İsmayılov xaindir" MÜSAHİBƏ

13 İyun 2018 13:13 (UTC+04:00)

AMİP funksioneri Əli Orucovun SİA-ya müsahibəsi:

- Əli bəy, artıq sübuta yetirilir ki, AXCP sədri Əli Kərimli Rusiyanın müəyyən qaranlıq dairələrindən müxtəlif zamanlarda 412 min ABŞ dolları alıb. Bu faktın özü ona qarşı cinayət işinin qaldırılması üçün əsas olacaqmı?

- Bu barə son sözü hüquq-mühafizə orqanları deməli və müvafiq tədbirlər görməlidir. Bununla bağlı istintaq gedir. Yəqin ki, istintaq bütün qaranlıq məslələrə aydınlıq gətirəcək. Bununla belə, biz birmənalı şəkildə xaricdən hər hansı formada siyasi partiyalara maliyyə yardımlarının göstərilməsinin əleyhinəyik. Bu "Siyasi partiyalar haqqında qanun"un tələblərinə ziddir. Belə hallara yol verənlər cinayət törətmiş olurlar.

- Qondarma vəkil Aslan İsmayılov son vaxtlar bir qədər fəallaşaraq, təxribat xarakterli bəyanatlarla çıxış edir. Onun arxasında hansısa qüvvələrin dayandığını demək olarmı?

-Aslan İsmayılov nəinki qondarma, ümumiyyətlə, vəkil deyil. Onun vəkillik səlahiyyətlərinə xitam verilib. A.İsmayılov 1988-ci ildə Rusiya xüsusi xidmət orqanları tərəfindən ermənilərin törətdikləri Sumqayıt hadisələrinə görə günahsız azərbaycalıların cəzalandırılması üçün Azərbaycana göndərilmiş şəxsdir. O, prokuror olaraq cinayəti və vəhşiliyi törədənlərin deyil, günahsız soydaşlarımıza ən ağır, hətta ölüm hökmünün verilməsini tələb edən xaindir. Onun arxasında heç bir qüvvə-filan yoxdur. O, kimdir ki, arxasında da hansısa qüvvələr dayansın?! Aslan İsmayılovun işi-gücü təxribat törətmək, böhtan, şantaj və qarayaxmalar səsləndirməkdir.

- Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev iddia edir ki, Aslan İsmayılov Gürcüstan ermənilərindəndir. Sizcə, əsaslar varmı?

-Mən A.İsmayılovun nəsil-nəcabətini araşdırmamışam və bunun da mənim üçün heç bir əhəmiyyəti yoxdur. Ancaq onu deyə bilərəm ki, A.İsmayılov gərəksiz və mənəviyyatsız adamdır.

- Sizcə, nəyə görə cəmiyyətdəki demokratik mühitdən istifadə edən bəzi şəxslər, xüsusilə də, müxalifət təmsilçiləri hər zaman cəmiyyətdə bir çaşqınlıq yaratmağa insanların şərəf və ləyaqətini təhqir etməyə cəhdlər göstərirlər?

- Bu fikirləri hamıya şamil etmək olmaz. Hərənin öz yolu, öz üslubu, öz vəzifəsi var və hər kəs də özünə görə məsuliyyət daşıyır. Şərəf və ləyaqət həm qnunuvericiliklə qorunan hüquqdur, həm də mənəvi dəyərdi. Bunu anlamayanlar varsa, problemlər özlərindədir.

GÜLYANƏ