Plastik paket və qablar ekoloji çirklənməyə səbəb olur

12 İyun 2018 18:15 (UTC+04:00)

Son vaxtlar plastik tullantıların yaratdığı sağlamlıq və ekoloji problemlər gündəmdə əsas yerlərdən birini tutur. Bununla əlaqədar olaraq həkim və ekoloqlar plastik çirklənmənin zərəri barədə “həyəcan təbili” çalırlar. SİA xəbər verir ki, “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov bu barədə danışarkən deyib.

O bildirib ki, plastik qablar və polietilen paketlərin sayı durmadan artır. İstehlak bazarlarında onlardan istifadə edilməsi çox geniş yayılıb: "Rahatlıq və yüngülük baxımından bu, bir tərəfdən təbiidir. Lakin onu da nəzərə almaq lazımdır ki, polietilen paketlər məhsulu bazardan evə daşımaq üçündür. Məhsulu mənzil başına çatdırandan sonra həmin paketlər, eləcə də plastik qab və butulkalar tullantı məhsuluna çevrilir, zibilxanalara, poliqonlara, bəzən də ətraf ərazilərə atılaraq çirklənmə yaradır. Məsələ burasındadır ki, tullantılarda təbii çürümə prosesi getməli olduğu halda həmin materialdan olan qablar yüz illər boyu çürüyüb torpağa qarışmır. Bir müddət keçəndən sonra isə torpağın münbit qatına keçərək bitkilərin inkişafına və məhsuldarlığa mane olur. Onları yandıranda isə tərkibində olan kimyəvi maddələr atmosferə çoxlu çirkli və zəhərli maddələr yayır.

Xüsusilə yay vaxtı plastik qablarda olan sərinləşdirici içkilərdən çox istifadə edilir. Bəzən elə olur ki, günəş şüaları altında qaldığına görə həmin qablarda olan zəhərli maddələr suyun içərisinə daxil olur, nəticədə həmin məhsulların istehlakçıları zərərli maddələrin təsirinə məruz qalırlar”.

Vəziyyətdən çıxış yolları barədə danışarkən sektor müdiri deyib: “İlk növbədə həmin paket və qablardan mümkün qədər az istifadə etmək lazımdır. Yaxşı olar ki, alış-satış mərkəzlərinə və supermarketlərə üz tutan istehlakçılar özləri ilə götürdükləri zənbildən istifadə etsinlər. Alternativ qablaşdırma materiallarından və şüşə qablardan istifadə olunması plastik və polietilen qablara olan tələbatın azalmasına səbəb olacaq.

Yeri gəlmişkən deyim ki, indiyədək dünyanın 40 ölkəsində həmin qablardan istifadə olunmasından imtina edilib. Hətta bir sıra ölkələrdə həmin qabları təhvil götürülərək əvəzində onu təhvil verən sakinlərə pul və ya ərzaq kuponu ödənilməklə stimul yaradılır.

Plastik qablar sağlamlığa ziyan vurmaqla yanaşı, küçə və yollarda natəmizlik yaradır, ekoloji cəhətdən çirklənməyə səbəb olur. Ona görə də həmin qablardan istifadə olunması nə qədər rahat və yüngül olsa da, su qabları, boşqab, çəngəl, bıçaq və digər plastik materialdan hazırlanan məhsulların istifadə getdikcə məhdudlaşdrılmalı və ondan imtina edilməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qabaqcıl ölkələrin bu sahədəki təcrübəsini təhlil edir və öyrənir. Məsələn, bəzi ölkələrdə polietilen qabların tərkibinə elə maddələr qatılır ki, müəyyən vaxtdan sonra onda çürümə prosesi gedir. Ölkəmizin sakinləri arasında da bu sahədə maarifləndirmə tədbirləri aparılması, ekoloji çirklənmənin qarşısının alınması və məişət tullantılarının idarə olunması ilə əlaqədar zəruri tədbirlər görülməsi üçün addımlar atılır”.