İctimaiyyət nümayəndələri ADU-da imtahan prosesini izləyiblər FOTOLAR

12 İyun 2018 14:43 (UTC+04:00)

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) 2017/2018-ci tədris ilinin yay imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə KİV nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub. SİA-nın verdiyi məlumata görə, “Respublika”, “Azərbaycan müəllimi”, “Səs”, “İki sahil”, “525-ci qəzet”, “Həftə içi” qəzetlərinin, Moderator.az, Axar.az, Azedu.az, Tehsil-press.az və digər saytların nümayəndələri imtahan otaqlarına baxış keçiriblər.

Monitorinq başa çatdıqdan sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb. Universitetin tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib. Bildirilib ki, 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə ADU-nun rektoru, akademik Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb. Əyani şöbədə iyunun 1-də başlayan imtahan sessiyası iyulun 7-dək davam edəcək. İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 2 saat müəyyənləşdirilib. Əmrdə imtahan sessiyasının beynəlxalq təcrübəyə uyğun təşkil olunması, otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması kimi məsələlər də nəzərdə tutulub.

Ə.Abdullayev vurğulayıb ki, imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah fəaliyyət göstərir. Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və info@adu.edu.az ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.

Ə.Abdullayev imtahanların təşkili, yoxlama prosesi, biletlərin strukturu haqqında da danışıb. Prorektor, həmçinin imtahan nəticələrindən narazı olan tələbələrin apellyasiya şikayəti vermək hüquqlarından söz açıb. O, ADU-nun qapılarının daim hər kəs üçün açıq olduğunu deyib: “Bu universitet həmişə açıq olub. Növbəti günlərdə də valideynlər imtahan prosesini izləyəcəklər”.