Xaçmaz sakinini qətlə yetirən şəxs tutulub

12 İyun 2018 05:03 (UTC+04:00)

Xaçmazda 10 gün əvvəl yoxa çıxan şəxsin qətlə yetirildiyi məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, iyunun 11-də Xaçmaz rayon sakini Şahin İmanov Rayon Polis Şöbəsinə könüllü gələrək 10 gün əvvəl tanışı Elbrus ilə birlikdə Mirzağa adlı şəxsi qətlə yetirdiklərini və sonra rayonun Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırdıqlarını bildirib.

Məlumatla əlaqədar Xaçmaz RPŞ-nin və rayon Prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyiti oradan çıxarılaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb. Balta ilə öldürülən həmin şəxsin 1967-ci il təvəllüdlü Əzizov Mirzağa Bədəl oğlu olduğu müəyyənləşib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayətdə şübhəli bilinən Elbrus Abdullayev də saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.