Pambıqçıların zəhərlənməsinin səbəbləri məlum olub

11 İyun 2018 10:13 (UTC+04:00)

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən işçilərin sayı 24 nəfərə çatıb. Saatlı rayon Mərkəzi Xəstəxanasının açıqladığı məlumata görə, zəhərlənənlərdən 4-ü Bakıya göndərilib, 20 nəfər isə Saatlı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

"Zəhərlənənlərdən 2 nəfərin səhhəti normallaşdığı üçün öz ərizəsi ilə evə - ambulator müalicəyə buraxılıb, 18 nəfər isə hazırda xəstəxanadadır. Xəstəxanada olanlardan iki nəfərin vəziyyəti narahat olduğu üçün müalicəsi davam etdirilir, 16 nəfərin vəziyyəti isə stabil və qənaətbəxşdir", -deyə məlumatda bildirilir.

Qeyd olunub ki, pambıq tarlasında işçilərin zəhərlənməsinin səbəbləri məlum olub: "Kimyəvi maddədən inqaliyasion zəhərlənmədir. Pambıq sahəsində alaq otları və başqa hansısa həşərata qarşı dərman vurulub. İşçilər də həmin sahədə zəhərləniblər".