Dövlət Baytarlıq Nəzarəti Xidmətinin həkimi Tahir Abdullayevin dediyinə görə, pendir alarkən və ondan istifadə edərkən mütləq məhsulun duzluluğuna fikir vermək lazımdır. Belə ki, duzsuz pendirin yetişməmiş olması bruselyoz yarada bilər: " Bruselyoz xəstəliyi əsasən oynaqlarda güclü ağrılara səbəb olur və tam müalicə edilmir. Ona görə də duzlu pendirlərdən istifadə olunması məsləhət görülür”.
Dünya Səhiyyə Təşkilatının mütəxəssisləri də xəbərdarlıq edirlər ki, ən sağlam pendir yağı azaldılmış və yağsız süddən alınır. Həmin pendirlərlə qidalandıqda bruselyoza tutulmaq ehtimalı çox aşağı olur. Bruselyoz xəstəliyinə süd və süd məhsulları ilə yanaşı, baytarlıq nəzarətindən keçməmiş iri və xırda buynuzlu heyvanların tam bişirilməyən ətindən də yoluxmaq mümkündür. Bu səbəbdən heyvanların daxili orqanlarını alarkən baytarlıq müəssisəsinin sağlamlıq haqqında sertifikatını tələb etmək mütləqdir.