Pul heç də yaxşı şey deyilmiş, amma...

9 İyun 2018 10:27 (UTC+04:00)

Bəşəriyyət yaranandan bu günə kimi insan olan varlıq ağır və ya yüngül olmasından asılı olmayaraq, hər cür əziyyətlərə qatlaşmaqla özünə ruzi əldə etməyə çalışır. Elə ki, var-dövlətin həcmi bir qədər çox oldu, insan olan kəs bir qədər fərqli düşünməyə və fikirləşməyə başlayır. Yəni var-dövlətilə yanaşı, mənsəb və mövqe sahibi olmağı da planlaşdırır. Bunun üçün bəzən başqalarının haqlarını və hüquqlarını pozmaqdan da çəkinmir. Nəticədə, ortaya əzən və əzilən təbəqə çıxır. Əzən xoşbəxtliyi pulda və var-dövlətdə görür. Ancaq dərk etmir ki, xoşbəxtliyin özü belə nisbidir. Çünki yaşadığımız cəmiyyətdə hər kəs xoşbəxtliyi müxtəlif mənalarda dərk edir. Kimisi xoşbəxtliyi gözəl iş şəraitində, cəmiyyətdə hörmət-izzət sahibi olmasında, başqa birisi isə ailəsində xoşbəxtliyin, firavan yaşayışın təmin edilməsində, digərləri isə tarixə öz adını yazdırmaqda dərk edir. Reallıqda isə hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, hər nə olursa-olsun, ilk öncə sağlam düşüncəyə, aydın təfəkkürə, həm də dünya görüşünə malik olmaq lazımdır. Pul isə insan üçün el deyimi ilə desək, sadəcə, əl çirkindən başqa bir şey deyil. Bu gün var, sabah olmaya da bilər. Əsas odur ki, sağlam ömür sürəsən və bu ömründə ətrafında olanlara, həm də cəmiyyətə xeyir verəsən. Pula aludəçilik ciddi fəsadların yaranmasına gətirib çıxara bilər. O mənada ki, əliəyrilik, yalan danışmaq, oğurluq, talançılıq, bir sözlə, qeyri-qanuni əməllər baş verə bilər. Artur Şopenhauer deyirdi ki, "pul dəniz suyuna bənzəyir, nə qədər çox içsən o qədər çox susayarsan". Dində də deyilir ki, "insanlara dağlar və dəryalar qədər var-dövlət, qızı vverilsə, yenə də gözü doymaz". Tarixdə mövcud olmuş böyük fatehlər də, var-dövlət sahibi olmaq üçün ölkələr viran qoyub, milyonlarla insan öldürüblər. Alimlərin gəldiyi qənaətə görə, bəşəriyyət yaranandan bu günə kimi dünya tarixində 14 min 500 müharibə baş verib. Həmin müharibələrin böyük əksəriyyəti başqa xalqların, dövlətlərin sərvətini əldə etmək üçün edilib. Bu gün etiraf olunmasa da, reallıq budur ki, ABŞ-ın İraqa hücumunun arxasında, ilk növbədə, bu dövlətin sərvətlərini əldə etmək olmuşdu. Fransa BMT Təhlükəsizlik Şurasının 1974 saylı qətnaməsinin qəbulundan 2 saat sonra Liviyanı qan gölünə çevirməsinin əsas kökündə Qəddafinin sərvətinə yiyələnmək dayanmışdır.

Dünyanın ən varlı insanlarından olan "Mikrosoft" şirkətinin sahibi Bill Qeyts (sərvəti 79,3 milyard ABŞ dolları), meksikalı investor Karlos Slim Elu ( sərvəti 76,4 milyard dollar), "Berkshire Hathavay" şirkətinin sahibi Uorren Baffet (sərvəti 72,3 milyard dollar) və digərləri də var-dövlətlərini başqalarının zəhmətini və əməyini mənimsəməklə əldə ediblər. Loru dildə desək, istər müharibələri törədənlər, istərsə də, başqalarının əməyini istismar edərək, milyardlar qazananların şeytanları güclü olub. İblislərlə yaxşı əməkdaşlıq ediblər. Məlumdur ki, şeytanın əsas fəaliyyəti yaxşı ilə pisi, haqla ədalətsizliyi müəyyənləşdirməkdir. Bu baxımdan, demək olar ki, insan üçün ən arzuolunmaz rəqib elə şeytanın özüdür. Çünki şeytan insanı yaxşı tanıdığı üçün, onun ən zəif cəhətlərini də bilir. Quranda buyurulur: "Şübhəsiz ki, o (şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər".

Amma gəlin razılaşaq ki, insan olan kəs, bəzən bu səpkili məsləhətləri, dini kitablarda yazılan tövsiyələri qulaqardına vurur. Əlinə fürsət düşən kimi, çapıb-talamağa, oğurluq etməyə girişir. Adını da qoyur ki, məsləhət, tövsiyə elə mənə qalıb. Sonra da gubbuldadır ki, kasıbam, o qədər almalı-verməli arzularım var ki. Bu yerdə adamın yadına şairin bir bəndi düşür:

Kasıb, gecə puldan ötrü yatmayır,

Arzuları vardı, ona çatmayır,

Çox axtarır, kasıb pulu tapmayır,

Kasıbla düşməndir köpək oğlunun pulu,

Gör necə şeytandır, köpək oğlunun pulu.

Belə, pul yazılanlara və deyilənlərə əsasən, demək olar ki, heç də yaxşı şey deyil. Amma ailədaxili maddi ehtiyacların ödənilməsi və qonşudan qalma geri prinsipinə uyğun olaraq müəyyən ev, maşın, villa, banka depozit qoymaq... deyəsən, siyahı çox uzandı.

İ.ƏLİYEV