“Tibbi optika haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib

5 İyun 2018 13:54 (UTC+04:00)

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Tibbi optika haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib. SİA-nın xəbərinə görə,qanun layihəsi 10 maddədən ibarətdir. Layihə Azərbaycanda tibbi optika sahəsində dövlət tənzimlənməsinin formaları müəyyənləşdirir.

Qanunun 3-cü (Tibbi optika sahəsində dövlət tənzimlənməsinin formaları) maddəsinə əsasən, tibbi optika sahəsində dövlət tənzimlənməsi aşağıdakı formalarda həyata keçirilir:

1. mənşə ölkəsində və ya istehsalçı tərəfindən verilmiş uyğunluq, gigiyenik və mənşə sertifikatları olmayan tibbi optika məhsullarının idxalına məhdudiyyətin qoyulması,

2. tibbi optika və optometriya ixtisasları üzrə mütəxəssis hazırlığının həyata keçirilməsi və onların peşə səviyyəsinin mütəmadi artırılması,

3. tibbi optika mağazasının açılmasına rəyin verilməsi.

Dinləmələr zamanı çıxış edən deputatlar qanun layihəsi haqqında bir sıra təkliflər irəli sürüblər.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, dinləmələrdə səslənən təkliflər qanun layihəsinə əlavə ediləcək.