"Cümhuriyyət vətəndaşların hüquq bərabərliyini təmin edib" MÖVQE

24 May 2018 17:18 (UTC+04:00)

"Hazırda Avropada islamafobiya baş alıb gedir. Amma Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin etmişdi. Hesab edirəm ki, Cümhuriyyətin qurulması od içində dirçəliş idi". SİA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib.

Ulu öndər Heydər Əliyevin tarixçilər qarşısında Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən yazılması vəzifəsini qoyduğunu bildirən Y.Mahmudov deyib: “Biz imperiyalar yaradan xalqıq. Lakin Azərbaycan xalqına sovet dönəmində saxta tarix təqdim olunmuşdu. Guya Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədilə türk, rus, ərəb, ingilis, ispan, italyan, gürcü və sair dillərdə kitablar ortaya qoymuşuq. Sovet vaxtı “26 Bakı komissarı” abidəsi toy-düyün yerinə çevrilmişdi. Prezident İlham Əliyev xalqımıza qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyan və digər cəlladların cəsədlərinin qalıqlarını Bakının mərkəzindən şəhər qəbiristanına köçürtməklə şüurlarda inqilab etdi. Mən prezidentin bu addımını Nikolay Kopernikin kəşfinə bənzədirəm”.

Akademik Azərbaycan Xalq Cümhuriyyətinin adına şübhə ilə yanaşanlara İstiqlal Bəyannaməsini oxumağı məsləhət görüb: “Sənəddə çox aydın yazılır ki, dövlətimizin adı Azərbaycan Xalq Cümhuriyyətidir. Mən Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı işlədiyim zaman ümummilli lider Heydər Əliyev çox böyük tarixçi heyəti topladı və bildirdi ki, Cümhuriyyət dünyaya Azərbaycan Demokratik Respublikası (ADR) kimi yayılıb. Biz məsələni araşdırdıq. O, topladığımız bütün materiallarla tanış oldu və göstəriş verdi ki, dövlət İstiqlal Bəyannaməsindəki kimi Azərbaycan Xalq Cümhuriyyəti adlandırılsın”.

Tarix İnstitutunun direktoru qeyd edib ki, türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Həmçinin “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Tarix İnstitutu “Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü” və “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” kitablarını çap etdirib.

Y.Mahmudov deyib: “Cümhuriyyət parlamentinin 1918-ci il dekabrın 7-də yaradıldığını söyləmək düzgün deyil. Parlamentçilik tariximiz 1918-ci il mayın 27-dən başlayır. 1918-ci ilin mayında Zaqafqaziya Seyminin müsəlman fraksiyası əsasında Azərbaycan Milli Şurası (Azərbaycan parlamenti) formalaşıb. İlk parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan edib, ölkənin idarə olunmasını öz üzərinə götürüb və tarixi İstiqlal Bəyannaməsini qəbul edib”.

Akademik diqqətə çatdırıb ki, gənc sərkərdə Nuru paşanın ətrafında Cümhuriyyət generalları toplaşmışdı. Qafqaz İslam Ordusunun hərbi uğurlarında Azərbaycan xalqı, könüllü xalq dəstələri, o cümlədən Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Həbib bəy Səlimov və Xosrov bəy Sultanov fəal iştirak ediblər. 1918-1920-ci illərdə, hələ Nuru paşa gəlməmiş Göynük igidləri Şəkidə daşnakların xalqımıza divan tutmasına imkan verməyiblər. Gəncəyə gəlib Nuru paşaya məlumat verilib ki, Şəkidə daşnakları məğlubiyyətə uğratdıq. Nuru paşa çox sevinib. O, Gəncədə Şəkidən gələn 4 böyük dəstə başçısını qəbul edərək, hamısına təşəkkürünü çatdırıb. Nuru paşa deyib ki, daşnaklara qarşı bu cür vuruşmaq lazımdır. İlhaqçılar Nuru paşanı Milli Şura hökumətinin guya Rusiyapərəst və inqilabi hakimiyyət olmasına, anarxiyaya və xaosa gətirib çıxaracağına inandıra bilmişdilər. Yaranmış böhranı aradan qaldırmaq üçün Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə, baş nazir Fətəli xan Xoyski və xarici işlər naziri Məmməd Həsən Hacınskidən ibarət bir heyət Nuru paşa ilə görüşüb danışıq aparmaq istəyib. Lakin Nuru paşa “Mən əsgərəm, siyasəti anlamıram, ordunun siyasi müşaviri Əhməd Ağaoğludur, onunla görüşün” deyərək Milli Şura üzvlərini qəbul etməyib. M.Rəsulzadə ümumi razılığa nail oldu. O, Milli Şuranın sədrliyindən istefa verərək yeni hökumətin təşkilini F.Xoyskiyə həvalə edib. Bununla da Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb.

Akademikin sözlərinə görə, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Qafqaz İslam Ordusunun fəaliyyəti ilə əlaqədar Azərbaycan-Türkiyə hərbi qardaşlıq abidələri ucaldıla bilər: “Abidənin mərkəzində Nuru paşanın, onun sağında Səməd bəy Mehmandarovun, solunda isə Əliağa Şıxlinskinin heykəllərini təsəvvür edirəm. Qardaşlıq abidələrində Azərbaycan və Türkiyənin dövlət bayraqlarının birlikdə dalğalanmasını istəyirik”.