Avstraliyada AXC-nin 100 illiyi münasibətilə rəsmi ziyafət təşkil edilib

24 May 2018 15:58 (UTC+04:00)

Kanberra şəhərində Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin təşkilatçılığı və ölkəmizin Avstraliyadakı Fəxri Konsulluğunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi ziyafət təşkil edilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Xarici İşlər və Ticarət Departamentinin məsul işçiləri, işgüzar dairələrin nümayəndələri, Avstraliya Milli Universiteti nəzdində fəaliyyət göstərən tədqiqat mərkəzlərinin rəhbərləri, Kanberrada akkreditə olunmuş diplomatik missiyaların başçıları və əməkdaşları və bu ölkənin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız da daxil olmaqla 250 nəfərə yaxın qonaq iştirak edib.

Tədbir Azərbaycan və Avstraliyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır. Tədbirdə əsas qonaq qismində iştirak edən Xarici İşlər və Ticarət Departamentinin protokol xidmətinin rəhbəri xanım Lindal Saks (Lyndall Sachs) Avstraliya hökuməti adından Azərbaycan Prezidentini və xalqını bayram münasibəti ilə təbrik edib.

Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə tədbirdə çıxış edərək, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti barədə məlumat vermişdir. O, Cümhuriyyətin yaranmasının Azərbaycanın tarixində mühüm hadisə olduğunu qeyd edərək, Cümhuriyyət dövründə əldə edilən çoxsaylı uğur və nailiyyətlərdən bəhs etmiş, o cümlədən Azərbaycanın Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olduğunu və 1919-cu ildə Azərbaycanın ilk universitetinin təsis olunduğunu xüsusilə vurğulamışdır. Mövcud olduğu qısa müddət ərzində Xalq Cümhuriyyətinin Azərbaycanın dövlət quruculuğunda, habelə müasir Azərbaycanın formalaşmasında oynadığı mühüm rol barədə qonaqlara məlumat verir.

1991-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdiyini qeyd edən E.Həbibzadə, müstəqilliyin ilk illərində ölkəmizin iqtisadi böhran, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bir sıra digər səbəblərlə əlaqədar böyük çətinliklərlə üzləşdiyini bildirib. Lakin buna baxmayaraq, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin qətiyyətli addımları və həyata keçirdiyi düşünülmüş siyasət sayəsində həmin çətinliklər uğurla aradan qaldırılmış və ölkəmiz davamlı inkişaf yoluna qədəm qoyub. Azərbaycanlı diplomat Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. E.Həbibzadə müasir Azərbaycanın multikulturalizm dəyərlərinə söykənən dünyəvi dövlət olduğunu bildirib.

Azərbaycan-Avstraliya əlaqələrinə toxunan diplomat ölkəmizin Avstraliya ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirmişdir. O, Avstraliyanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayaraq, Avstraliya tərəfinə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə verilən ardıcıl dəstəyə görə təşəkkürünü ifadə etmişdir.

Tədbirdə çıxış edən Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva son illər ərzində iki ölkə arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini qeyd etmişdir. O, Azərbaycan-Avstraliya əlaqələrinin inkişafında parlamentlərarası əməkdaşlığın vacib rol oynadığını vurğulamışdır. Eyni zamanda o, son dövrlərdə iqtisadi-ticarət sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində də mühüm addımlar atıldığını, o cümlədən 2017-ci ilin oktyabr ayında avstraliyalı iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfər etdiyini diqqətə çatdırıb.

Tədbir zamanı çıxış edən Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Kreq Kelli (Craig Kelly) ötən illər ərzində Avstraliya Parlamenti nümayəndə heyətinin tərkibində ölkəmizə həyata keçirdiyi səfərlə bağlı xatirələrini bölüşmüşdür. O, həmin səfərlər zamanı Azərbaycanın son illərdə əldə etdiyi böyük iqtisadi nailiyyətlərinin canlı şahidi olduğunu vurğulayıb.

Tədbir zamanı Azərbaycanın əməkdar artisti Sevinc Hüseynli Azərbaycan milli rəqslərini ifa edib.

Ziyafət zamanı Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini və turizm imkanlarını özündə əks etdirən, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Azərbaycan ruhu” və Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya sərgisinə (World Expo 2025) ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı videoçarxlar nümayiş etdirilmiş, eləcə də iştirakçılara müxtəlif məlumat nəşrləri paylanılmışdır. Qonaqlara Azərbaycanın milli mətbəx nümunələri təqdim edilib.