Tural Abbaslı: “Məsələnin kökündə şöhrət amili dayanır”

24 May 2018 15:51 (UTC+04:00)

“Bu cür yazılar, filmlər adətən ya xeyriyyə fondalar adından və ya Qeyri Hökumət Təşkilatları xəttindən, ya da hansısa guya barışdırıcı bir təşkilatlar tərəfindən sifariş ediləndə yazılır və yaxud Rütsəm İbrahimbəyov sayağı film çəkilir”. Bunu SİA-ya açıqlamasında “AĞ” Partiyanın sədri Tural Abbaslı bildirib.

Onun sözlərinə görə, satılmağa öyrəncəli olan adama bəlli bir miqdarda paranın üzün göstərsən, nə desən edər: “Rüstəm İbrahimbəyov qısa müddətdə istər siyasi, istərsə də şəxsi kimliyini Azərbaycan xalqına tanıdıb. Bu bir tendensiyalardır, fərqlənmək və yaxud da belə deyək, beynəlxalq arenada tanınmaq üçün atılan uğursuz addımalardandır. İndi bəziləri Nobel mükafatına iddialıdır. Türkiyəli yazar Orxan Pamuk ənənəsi var. Bu kimi addımlar atanda ayrı-ayrı dövlətlərin, beynəlxalq təşkilatların qiymətləndirəcəkləri düşünülür”.

T.Abbaslı onu da bildirib ki, nümayəndəsi olduğun xalqı bu və ya digər formada aşağılayırsansa, demək orada sevgidən söhbət gedə bilməz, yəni burada yəqin ki, nifrət faktoru da var: “O özünün Rusiya cəmiyyətində azərbaycanlı kimi, Azərbaycan türkü kimi təqdim olunmasında kompleks yaşayır. Bu cür aşağılatıcı filmlərlə özünün bizlərdən biri olmadığını və Rusiya cəmiyyətinin tərkib hissəsi olduğunu sübüt etmək istəyi ilə bağlıdır. Amma yenə qeyd edirəm ki, məsələnin kökündə çox passiv pul və şöhrət amili dayanır”.

T.Abbaslı R.İbrahimbəyovun azərbaycanlıları təhqir edən filmə görə, “Milli Şura” rəhbərliyinin susqunluq göstərməsini onların çıxılmaz durumda olmaları ilə əlaqələndirib: “Bilirsiz bir zaman mən “Milli Şura”-nın üzvlərindən biri olmuşam. Elə həmən dönəmdə də Rüstəm İbrahimbəyovun prezidentliyə namizədlik məsələsi ilə bağlı adı hallananda da o uyğun olmayan siyasi bəyanatlar verir, fikirlər səsləndirirdi. Bu xarakterli insanın seçki bitdikdən sonar, onun “Milli Şura”nın fəxri sədr olması məsləsi müzakirə olunanda biz buna qəti etirazımızı bildirdik. Amma hazırda “Milli Şura”da olan Əli Kərimli, Cəmil Həsənli və digərləri öz iddialarını irəli sürdülər və reallaşdırdılar. Müsavatın o qurumdan çıxmasının səbəblərimdən biri də R.İbrahimbəyovun fəxri sədr olmasına etirazımızla bağlı idi”.

GÜLYANƏ