Paytaxtın əsas küçə və prospektlərində hərəkət məhdudlaşdırılır

24 May 2018 13:31 (UTC+04:00)

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Səbail rayonu, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət və Lermantov küçələrində, həmçinin Neftçilər prospektinin Əziz Əliyev küçəsi - “Dalğa Plaza” arasında yerləşən hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, sözügedən küçələr boyu bu axşam saat 22:00-dan səhər saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.