QHT rəsmisi: "İbrahimbəyov növbəti rəzilliyini etdi" MÜNASİBƏT

24 May 2018 12:17 (UTC+04:00)

“Monoetnik Ermənistandan fərqli olaraq təkcə Azərbaycanın paytaxtı Bakı şəhərində 30 mindən çox erməni yaşayır və indiyədək kimsə nəinki iddia, hətta təsəvvür belə edə bilməz ki, ölkəmizdə ermənilərə qarşı hansısa ayrı-seçkilik mövcuddur. Artıq ikinci haldır ki, Azərbaycanın çörəyinin ən yaxşı tikəsini yemiş, dövlətin bütün imtiyazlarından yararlanmış yazıçı öz xalqına qarşı amansızcasına şiddət, nifrət, böhtan və iftira dolu "əsər" ortaya qoyur”. Bu fikirləri SİA-ya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Sədrin sözlərinə görə, şəxsi istəklərini milli mənafelərdən üstün tutan bu imperiya nökərləri olan siyasi riyakarlar birbaşa dövlətimizə, xalqımıza xəyanət yolunu tutublar və haqlı olaraq xalq onlara layiq olduqları yerini göstərəcək: “Rüstəm İbrahimbəyov sıradan bir şəxs deyildi və onun səviyyəsində olan birisinin ssenari müəllifliyi əsasında çəkilmiş "Qafqaz üçlüyü” filminin hələ uzun illər düşmənin əlində qalxan olacağı şübhəsizdir. Millətçi ermənilərin və onların havadarlarının alətinə çevrilmiş, manqurtlaşmış, nankor İbrahimbəyov hətta 2013-cü ildə Rusiyanın müəyyən dairələrinin diktəsi ilə bu gün aşağılamağa cəhd etdiyi xalqına rəhbərlik etmək sevdasına da düşmüşdü.

Nəinki ermənilər, hətta digər xalqların nümayəndələri belə Əkrəm Əylislinin "Daş yuxular" əsərini bizim gözümüzə "soxurlar". Keçən il Berlində məhşur Humboldt Universitetində etdiyimiz təqdimat zamanı alman jurnalistin "Daş yuxular" əsərinin müəllifinə guya ədalətsizlik etdiyimizə görə olkəmizi ardıcıl və israrla ittiham etdiyini yaxşı xatırlayıram. Növbəti rəzilliyi İbrahimbəyov etdi. Öz xalqı üçün artıq ölmüş bu qoca ahıl yaşında qorxaq ermənilərin, onların havadarlarının əlinə növbəti fürsət verdi.

Bu müqəddəs Vətən xain və satqın mövqe tutmuş rüstəmlərin, əkrəmlərin deyil, onun hər qarış torpağı uğrunda canını qurban etmiş və buna hazır olan övladlarının çiyinlərində əbədi qərar tutub”.