“Xalq yaradıcılığı keçmişdən gələcəyə: qədim el sənətləri” festivalı keçiriləcək

24 May 2018 12:25 (UTC+04:00)

25-26 tarixlərində Bakının Qala kəndindəki Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı Xalq yaradıcılığı redaksiyası AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə “Xalq yaradıcılığı : qədim el sənətləri” festivalı keçirəcək. SİA-nın məlumatına görə, festivalda Azərbaycan televiziya və radiosunun musiqi kollektivləri, solistləri, qədim əl işləri və kitab satış-sərgisi, zorxana tamaşası, milli geyimlərimiz, milli rəqslərimiz, aşıq havalarımız, xına qrupumuz, muğam üçlüyü, dulusçuluq, nalbəndlik, interaktiv oyunlar, ponilərdə gəzinti (uşaqlar üçün:), xalça toxuma və bu kimi nümunələr nümayiş olunacaq. İstəyənlər öz əl işlərini, musiqi bacarıqlarını pulsuz nümayiş etdirə bilərlər. Yeniyetmə və uşaqlar, eləcə də gənclər qədim el sənəti nümunələri ilə tanış olacaq, özləri də ustalarla bir yerdə gil qablar düzəldəcək, xalça toxuyacaq, nalbəndin köməkliyi ilə nal düzəldə biləcək, ebru ustasının yardımı ilə rənglərdən gözəlliklər yaradacaqlar. Əslində bu festival Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının Xalq yaradıcılığı redaksiyasının “Keçmişdən gələcəyə” layihəsinin davamı olaraq keçmişdəki dəyərlərimizin gələcəyə daşınması yolunda önəmli addımdır. Bu həm də yaz günlərində insanların mədəni istirahətinin təşkilinə xidmət edir. Qoruğun ərazisi valideynlərə və müəllimlərə uşaqlarla gəzmək üçün geniş imkan verir. Buradakı tarixi, arxeoloji, etnoqrafik materialların zənginliyi xarici və yerli turistlər, alimlər üçün də maraqlı olacaq. Festival Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı tərəfindən çəkilərək efirə veriləcək.