Millət vəkili xəyanətkar "rejissorun iç üzünü açdı

23 May 2018 18:53 (UTC+04:00)

Sədaqət Vəliyeva: "Rüstəm İbrahimbəyovun əməlləri onun Azərbaycan xalqına nifrətinin göstəricisidir"

2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun tarixi saxtalaşdırmaq, Azərbaycan xalqı haqqında dünya ictimaiyyətində yalnış fikir formalaşdırmaq cəhdidir. Dəfələrlə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə qarşı “yaradıcılıq” adı altında hücumlar etmiş Rüstəm İbrahimbəyovun əməlləri Azərbaycan xalqına nifrətinin göstəricisidir. Bunu azərtac-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Azərbaycan xalqı daim vətənpərvər, sülhsevər və mehriban xalq kimi tanınıb. Lakin ermənilər Cənubi Qafqaza köçürüləndən bu günə qədər türklərə, müsəlmanlara, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirib, torpaqlarımıza iddia edib, hətta, ərazilərimizi işğal ediblər. “Hərçənd, Rüstəm İbrahimbəyov bilməmiş olmaz ki, Azərbaycanın tarixi torpaqlarında özünə yer etmiş ermənilər XX əsr boyunca 2 milyondan çox azərbaycanlını soyqırımına, 1 milyondan çox soydaşımızı deportasiyaya məruz qoyub, tarixi yaşayış məskənlərindən didərgin salıb. Məgər, Rüstəm İbrahimbəyov bu filmi çəkərkən ermənilərin Ağdabanda, Xocalıda törətdiyi soyqırımıları da bilmirdimi? Yaxud, Bakıda, Sumqayıtda, Qubada, Şamaxıda, Naxçıvanda, İrəvanda, Zəngəzurda, Qarabağda demək olar ki, Azərbaycanın bütün bölgələrində ermənilərin qanlı əlinin izlərinin olması haqqında bilgisi yoxdurmu? Əlbəttə ki, var. Sadəcə olaraq görünür erməni lobbisinin maliyyəsi, hədiyyələri Rüstəm İbrahimbəyov üçün milli-mənəvi dəyərlərdən, tarixi-milli mentalitetimizdən daha vacibdir, üstündür”,-deyə Milli Məclisin deputatı vurğulayıb.

“Filmdə rejissorun azərbaycanlıları qəddar, erməniləri isə məzlum göstərmək cəhdi çox incə bir məqamdan xəbər verir”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Rüstəm İbrahimbəyovun bu filmi illərdir ermənilərin dünyada özləri haqqında məzlum obrazı yaratmaq siyasətinə bir dəstəkdir. Özünü azərbaycanlı kimi təqdim edən, əslində isə erməniləmiş Rüstəm İbrahimbəyov bu filmi ilə erməni lobbisinə, dünya erməniliyinə hədiyyə vermiş olub. Əkrəm Naibov kimi Rüstəm İbrahimbəyov da Azərbaycan xalqına, Azərbaycan dövlətinə xəyanət edib. Bu məqamda 2013-cü ildə Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd kimi görən Milli Şuradakılar, xüsusilə də, Cəmil Həsənli, Əli Kərimli kimi anti-milli ünsürlərin də erməni lobbisinin maraqlarına xidmət etdikləri sübut olunur. Bu cür reallıqların ortada olduğu bir zamanda bu anti-milli ünsürlər hansı üzlə insanların qarşısına çıxıb millilikdən, vətənpərvərlikdən danışa bilirlər? Düşünürəm ki, Rüstəm İbrahimbəyovun, Əli Kərimlinin, Cəmil Həsənlinin və digər anti-milli ünsürlərin cavabı ən azından Əkrəm Naibovun xəyanətinə verilən cavab qədər olmalıdır.