Prezident məktəblərin tikintisi və təmirinə 40 milyon manat ayırdı SƏRƏNCAM

23 May 2018 17:58 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Rəsmi sənəddə deyilir:

Son illərdə ölkədə təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılmış, müxtəlif şəhər və rayonlarda təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülmüşdür.

Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.44.1-ci yarımbəndində göstərilmiş məbləğin 40,0 (qırx) milyon manatı Bakı Şəhər İcra Hakimiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.