Deputat: "Ermənistanda hər kəsin ipi Rusiyanın əlindədir" MÖVQE

23 May 2018 15:23 (UTC+04:00)

“Ermənistanda nə qədər hakimiyyət dəyişikliyi olursa-olsun orada mahiyyət dəyişməyəcək. Çünki Ermənistan Rusiyanın vassalıdır və sərbəst siyasət həyata keçirmir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fərəc Quliyev Ermənistan tərəfinin son təxribatlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan nə qədər müstəqil, bəzi siyasətçiləri Qərb, bəziləri fərqli yönümdə olduqlarını göstərməyə çalışsalar da, iplər Rusiyanın əlindədir: “Ermənistan Qərbi yumşaltmaqla ikitərəfli dəstək almağa çalışır. Düşmən ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da sərbəst qərar qəbul etmək imkanına malik deyil. Bir müddət etdiyim təklifdə də bildirmişdim ki, işğal olunmuş ərazilərin və Dağlıq Qarabağın reinteqrasiyası ilə bağlı qanun qəbul olunmalıdır. Partizan hərəkatı tanınmalıdır. Bu dünya təcrübəsində də var. Məşru sayılmalı və bundan sonra ordu işə qarışmadan əhali orada öz torpaqlarına qayıtmaq uğrunda savaşa başlamalıdır”.

Nə həmsədrlərin, nə də BMT-nin özü qətnamələri yerinə yetirmədiyini dilə gətirən F.Quliyev söyləyib ki, belə olan halda, iş Azərbaycanın öhdəsində qalır: “Azərbaycan kifayət qədər səbirlə davranır, bütün qurumlara məsələnin həlli yolunu bilirsinizsə, buyurun həll edin dedi. Amma göründüyü kimi söhbət artıq Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən çıxıb. Son təxribat Naxçıvanda baş verdi”.

“Ermənistanı yeni baş naziri Nikol Paşinyan “Dağlıq Qarabağ” separatçı rejiminin danışıqlarda iştirakı ilə fikirlər səsləndirir. Lakin ona sual verilməlidir ki, Dağlıq Qarabağdan 100 kilometrlərlə aralıda yerləşən Naxçıvanda baş verənlərin bu rejiminə nə aidiyyatı var. Bu, Ermənistanın icra etdiyi və Rusiya tərəfindən də dəstəkləndiyi layihədir. Hesab edirəm ki, belə təxribatlar davam edəcək və əvvəlkilərdən fərqlənməyəcək. Azərbaycan artıq məsələni hərbi yolla həll etmək üçün toparlanmalıdır”, - deyə F. Quliyev əlavə edib.