Oğuzda Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı dama yarışı keçirilib

22 May 2018 18:51 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamı çərçivəsində Oğuz rayonunda silsilə tədbirlər keçirilir. Dünən Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatı və Oğuz Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar dama yarışı keçirilib.

Tədbiri giriş sözü ilə açan Oğuz rayon icra hakimiyyətinin başçısının müavini Yusif Naxçıvanski bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin ölkəmizdə qeyd olunması azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşməsinə, həmçinin, gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edir: "Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə, ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb".

Tədbirdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu vurğulayıb. O, 1993-cü ildə Azərbaycan xalqının israrlı çağırışı və dəvəti ilə hakimiyyətə gələn Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu müstəqilliyi qoruyub-saxlayaraq, inkişaf etdirməsindən bəhs edib: "İkinci dəfə qazandığımız müstəqilliyin qorunub-saxlanılmasında, dövlətimizin möhkəmlənməsində və dünya miqyasında tanınmasında Ümummilli Liderimiz Heydər Əliyevin misilsiz xidmətləri vardır. Bu gün iqtisadiyyatımızın dinamik inkişafı, regionda və dünyada artan nüfuzumuz, beynəlxalq və mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi və təşkili təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirməsinin məntiqi nəticəsidir".

Tədbirdə Oğuz rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, onların diplomatik fəaliyyəti, bu dövrdə parlamentin formalaşması və qısa müddət ərzində qəbul etdiyi qanunlar, elm və təhsil, siyasi partiyalar və dövlət quruculuğunda onların rolu, dövlət-din münasibətləri və digər sahələrdə fəaliyyəti barədə ətraflı məlumat verib.

Tədbirdə Oğuz Bələdiyyəsinin sədri Arif Cavadov və Oğuz rayon Şahmat Məktəbinin direktoru Nizami Hüseynli də mövzu ilə bağlı fikirlərini bildirib.

Tədbirin sonunda dama yarışının qaliblərinə qiymətli hədiyyələr təqdim olunub.

ZÜMRÜD