Ötən il büdcə təşkilatları 90 mln. manata qənaət edib

22 May 2018 18:01 (UTC+04:00)

"2017-ci ilin sonunda büdcə təşkilatlarının istifadə etməyərək geri qaytardığı vəsaitin məbləği təxminən 90 milyon manat olub". SİA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

"Ötən il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlər azalıb, Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları isə artıb. Əvvəlki illə müqayisədə yerli və mərkəzləşdirilmiş gəlirlərdə azalma olsa da, proqnoza qarşı mərkəzləşdirilmiş gəlirlər kəsirlə, yerli gəlirlər isə artıqlaması ilə təmin olunub", - deyə o qeyd edib.

V.Gülməmmədov ötən il büdcə təşkilatlarının satınalmalarla bağlı gördüyü işlərə də toxunub: "Ötən il 8 900 ədəd olmaqla ümumilikdə 4,424 mlrd. manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Satınalmaların sayı ilin I və II yarısında bərbər paylanılıb. 7 630 satınalma müsabiqəli şərtlə keçirilib. Xərclərin icrasında sosial təminat, sosial müdafiə bölmələri 100,1% icra edilib".