“Azərbaycan hekayələri” kitabı Londonda işıq üzü görüb

22 May 2018 17:33 (UTC+04:00)

Azərbaycan Tərcümə Mərkəzi növbəti beynəlxalq nəşrini reallaşdırıb - müasir Azərbaycan ədəbiyyatının dolğun mənzərəsini əks etdirən “Azərbaycan hekayələri” kitabı Londonda çapdan çıxıb. Mərkəzdən SİA-ya bildirilib ki, Əbdürrəhim bəy Haqverdiyev, Əli Vəliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Anar, Vaqif Nəsib, Şahmar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Seyran Səxavət, Məmməd Oruc, Kamal Abdulla, Aqil Abbas kimi tanınmış ədiblərin hekayələrinin toplandığı kitabın redaktoru ingilis filoloqu, yazıçı-tərcüməçi Enn Tompson, “Ön söz”ün müəllifi “British Council Azərbaycan” ofisinin direktoru, filoloq Elizabet Uaytdır.

Kitab Böyük Britaniyanın “Hertfordşir Press LTD” nəşriyyatında çap edilib.