Politoloq: “Təmas xəttində XİN rəhbərinin nə işi var?" ŞƏRH

22 May 2018 14:33 (UTC+04:00)

“Naxçıvanda atəşkəsin pozulmasından iki gün əvvəl Ermənistan-Naxçıvan sərhədinə müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zoqrab Mnatsakanyan gəlmişdilər. Onların gəlişinin məqsədi aydın idi”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev erməni nazirlərin sərhədə gəlişindən iki gün əvvəl Naxçıvanda olub və hərbi hissələrdən birində çıxışı zamanı düşməni darmadağın edəcək silahlara malik olduğumuzu söyləmişdi. Bu baxımdan Ermənistanın yeni baş naziri Nikol Paşinyanın buna cavab olaraq nazirlərini Naxçıvanla sərhəddə ona görə göndərib ki, ordakı ermənilərə və hərbçilərinə ürək-dirək versinlər. Bunlar aydındır.

Aydın olmayan odur ki, hərbi bölmələrə müdafiə naziri ilə yanaşı xarici işlər nazirini niyə göndərib? Xarici işlər nazirinin funksiyası başqadır axı. Görünür Paşinyan bu yolla xarici işlər nazirinin indidən barıt qoxusu almasını və bunu gələcək danışıqlara şamil etməsini istəyir. Robert Köçəryan və Serj Sərkisyanın dövründə Ermənistan xarici işlər nazirlərinin cəbhə bölgəsinə gəlmələrini xatırlamıram, heç bizim xarici işlər naziri Elmar Məmmədyarovun da təmas xəttində nə zaman olduğunu xatırlamıram”.