Konstitusiya Məhkəməsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub

21 May 2018 22:09 (UTC+04:00)

Mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi silsilə tədbirlər təşkil edib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 21-də Konstitusiya Məhkəməsinin sədri başda olmaqla hakimlər və Məhkəmənin kollektivi Arzu Əliyevanın baş prodüsserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilən, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris sülh konfransına ezam edilən nümayəndə heyətinin kəşməkəşli taleyindən bəhs edən “Əbədi ezamiyyət” filminə baxıblar.

Silsilə tədbirlər çərçivəsində Konstitusiya Məhkəməsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə iclas keçirilib.

Tədbiri açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 100 il əvvəl – mayın 28-də müsəlman Şərqində yaradılmış ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən və Cümhuriyyət rəhbərlərinin xidmətlərindən bəhs edib.

Sədr Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olduğunu, həmin tarixin hər il Respublika Günü kimi böyük təntənə ilə qeyd edildiyini bildirib. Azərbaycan tarixində ilk parlamentli respublika olan Cümhuriyyətin həm də bütün Şərqdə, o cümlədən müsəlman-türk dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olduğu xüsusi vurğulanıb.

Fərhad Abdullayev Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, xalqımızın müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadir olduğunu sübut etdiyini bildirib. Diqqətə çatdırılıb ki, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar təmin edərək irqi, milli və dini bərabərsizliyi ortadan qaldırıb. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq qurmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər yaratmağa cəhd göstərib. Cümhuriyyətin səmərəli və məqsədyönlü fəaliyyəti sayəsində gənc respublikanın dünya birliyi tərəfindən beynəlxalq hüququn subyekti kimi tanınması 1920-ci ilin aprelində bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Sədr qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilməsə də, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qalaraq Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi kimi onun üçrəngli bayrağını, gerbini, himnini qəbul edib.

Konstitusiya Məhkəməsinin sədri ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini, onun siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin və bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsinin Cümhuriyyət irsinə, onun mütərəqqi dəyərlərinin təbliğinə göstərilən diqqətin bariz təzahürü olduğunu bildirib. Həmçinin ötən il mayın 16-da Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi və bununla bağlı bir sıra tədbirlərin həyata keçirilməsi məqsədilə Sərəncam imzaladığı diqqətə çatdırılıb. Vurğulanıb ki, hər il Respublika Günü münasibətilə dövlətimizin başçısı Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni ziyarət edir.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi nizamının yenidən qurulduğu bir dövrdə - XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb. Ümummilli lider Heydər Əliyev Cümhuriyyətin dövlətçilik tariximizdə yerinə yüksək qiymət verərək bildirmişdi: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biridir”.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, əldə etdiyi uğurlara yüksək qiymət verən ulu öndər Heydər Əliyev Cümhuriyyətin süqutunun verdiyi dərslərdən yaxşı nəticə çıxarmağı tövsiyə edərək deyirdi: “1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin həyatında olmuş çəkişmələr, hakimiyyət mübarizəsi və şəxsi mənafeyinə görə ümummilli mənafeyə zərbələr vurulması acı həqiqətdir. Biz keçmişimizdən ibrət götürməliyik, keçmişimizin zərərli tərəflərinin yenidən cücərməsinə yol verməməliyik”.

1993-cü ilin kəşməkəşli iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyəti qurucularının tam müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, möhkəm dövlətçilik təsisatlarının siyasi, hüquqi, iqtisadi bünövrəsini qoydu, ölkəni parçalanmadan və xalqımızı müstəqilliyin itirilməsi təhlükəsindən xilas etdi. Möhkəm təməllər üzərində qurulan Azərbaycan Respublikası artıq dünyanın önəmli və müasir ölkələrindən birinə çevrilərək beynəlxalq aləmdə layiqli yerini tutub.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü işlər xalqımızın tarixi-hüquqi yaddaşını özünə qaytardı, müstəqil dövlətçilik ənənələrinin inkişafına təkan verdi. Bu dövr Azərbaycan dövlətinin qurulması ilə yanaşı, ölkədə demokratiyanın inkişafı, insan haqlarının qorunması, siyasi-iqtisadi və sosial islahatların reallaşdırılması ilə əlamətdardır.