Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Özbəkistanda qeyd edilib

21 May 2018 20:42 (UTC+04:00)

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Əməkdar Artist, tarzən Sahib Paşazadənin solo konserti olub.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl institutun rektoru, professor İbrahim Yuldaşev iki xalq arasında dostluqdan danışıb, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə xalqımızı təbrik edib. Rektor Azərbaycan mədəniyyətinin təbliği istiqamətindəki fəaliyyətinə görə AMM-nə təşəkkürünü bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb bir dövrdə fəaliyyət göstərməsinə baxmayaraq, dövlətçilik baxımından mühüm işlərə imza atdığını söyləyib. Diqqətə çatdırıb ki, parlamentin yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması, dövlət atributlarının təsis edilməsi, Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsi demokratik respublikanın əldə etdiyi nailiyyətlər olub. Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir.

Sahib Paşazadə Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasının müəllimi, fortepiano ifaçısı Alfiya Usmanova ilə birgə Azərbaycan və Qərb klassiklərinin əsərlərini səsləndirib.

Tarzən “Çahargah rapsodiyası”, “Ay Laçın”, Vasif Adıgözəlovun “Qərənfil”, Fikrət Əmirovun “Min bir gecə” əsərindən bir parça, Fərhad Bədəlbəylinin “Şuşa”, V.Montinin “Çardaş”, İ.Bramsın “Macar rəqsi” və s. əsərləri ifa edib və alqışlarla qarşılanıb. Xatırladaq ki, S.Paşazadə 2017-ci ildə Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında “Qran pri” mükafatına layiq görülüb. Tədbirdə Özbəkistan Sənət və Mədəniyyət İnstitutun professor-müəllim heyəti, tələbələr, AMM-nin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.