Magistraturaya qəbul planında ən çox yer İqtisad Universitetinin payına düşüb

19 May 2018 23:05 (UTC+04:00)

Ötən il magistraturaya qəbul planında ən çox yer Azərbaycan Dövlət İqtisad Universitetinin payına düşüb. Bu təhsil müəssisəsinin qəbul planı dövlət ali təhsil müəssisələri üzrə ümumilikdə ayrılmış plan yerlərinin 22,81 faizini təşkil edib. Azərbaycan Dövlət İqtisad Universitetinin magistraturasına ayrılmış qəbul planı bu təhsil müəssisəsinin bakalavriat səviyyəsinə ayrılmış plan yerlərinin 39,55 faizinə bərabər olub. Bu, həmin təhsil müəssisəsində magistr hazırlığının, həm də müxtəlif beynəlxalq layihələr əsasında aparılması ilə bağlıdır.

Bu məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində əks olunub.

Jurnalda bildirilir ki, 2017-ci ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ümumilikdə 7703 plan yeri ayrılmışdı. Bunlardan 5446 yer (70,70 faiz) Azərbaycan bölməsi, 263 yer (3,41 faiz) rus bölməsi, qalan 1994 yer (25,89 faiz) isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulmuşdu. Əvvəlki illə müqayisədə magistraturaya qəbul planı 341 yer (4,63 faiz) artıb. Dövlət sifarişi əsasında qəbul aparılan 2419 yer planın 31,40 faizini təşkil edib. Qəbul planı üzrə yerlərin 6529-u dövlət, 1174-ü isə özəl ali təhsil müəssisələrinin payına düşüb.

Qeyd edilib ki, 2017-ci ildə Azərbaycan bölməsi və hər iki bölmənin birgə müsabiqəsi üçün olan plan yerləri rus bölməsi üçün ayrılan yerlərin hesabına artıb. Belə ki, əvvəlki illə müqayisədə Azərbaycan bölməsində plan yerlərinin ümumi plandakı nisbi çəkisi 69,85 faizdən 70,70 faizə qədər, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin nisbi çəkisi 18,95 faizdən 25,89 faizədək artıb. Rus bölməsində isə plan yerlərinin ümumi plandakı nisbi çəkisi 11, 21 faizdən 3, 41 faizədək azalıb.